Politoloq Dağlıq Qarabağın müstəqillik qərarından BMT məhkəməsinə şikayət etməyə lüzum görmür
.jpg)
BMT Beynəlxalq Məhkəməsinin (Haaqa Məhkəməsi) Kosovonun 2008-ci ildə Serbiyadan ayrılmaq haqqında birtərəfli bəyannaməsini qanuni hesab etməsi ciddi müzakirələrə yol açıb. Qeyd olunur ki, Kosovonun müstəqillik bəyannaməsinə legitimliyin verilməsi Şimali Kipr, Somali, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı kimi müxtəlif yerlərdə separatçı hərəkatlar tərəfindən presedent kimi istifadə oluna bilər.
Beynəlxalq səviyyəli problemlərə, mübahisələrə baxan Haaqa Məhkəməsinin qərarlarında bəzi hallarda siyasi çalarların da olduğu bildirilir. Qeyd olunur ki, Haaqa Məhkəməsi, başda ABŞ olmaqla, Qərbin maraqlarını həyata keçirir.
Qərbin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi birmənalı deyil və bəzi hallarda məsələyə ikili standartlarla yanaşırlar. Bu mənada mümkündür ki, Haaqa Məhkəməsi Dağlıq Qarabağla bağlı bura ünvanlanan müraciət əsasında qəti qərar verməsin. Amma bütün hallarda ekspertlər Azərbaycanın bu qurumla əməkdaşlığını vacib sayır.
1991-ci ildə Ermənistan birtərəfli qaydada Dağlıq Qarabağın müstəqilliyini elan edib. Bu qərar Ermənistan səviyyəsində hələ də hüquqi qüvvədədir.
Bu qərarın ləğvi üçün Azərbaycan Haaqa Məhkəməsinə müraciət edə bilərmi? Məsələ ilə bağlı müraciət etdiyimiz politoloq Zərdüşt Əlizadə hesab edir ki, Dağlıq Qarabağın müstəqilliyi heç bir ölkə tərəfindən tanınmır: "Bu məsələ ilə bağlı Azərbaycanın Haaqa Məhkəməsinə müraciət etməsinə ehtiyac yoxdur. Çünki Ermənistanın 1991-ci ildə çıxardığı qərarın heç bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz.
Əvvəl-axır bu münaqişə öz həllini tapmalıdır. Çox güman ki, münaqişə Haaqa Məhkəməsi səviyyəsində həll olunmayacaq. Yeganə çıxış yolu iki ölkənin cəmiyyətində bir-birinə qarşı normal fikir formalaşdırmaqdır. Dağlıq Qarabağın müstəqilliyilə bağlı Ermənistan hökumətinin çıxardığı qərara bu ölkənin özündə də şübhə ilə yanaşırlar. O qərarı heç saya salan da yoxdur. Mən əminəm ki, Azərbaycan tərəfi həmin qərarın ləğvilə bağlı Haaqa Məhkəməsinə müraciət etsə, məsələ uzadılacaq və mücərrəd bir qərar veriləcək. Yaxşısı budur ki, heç bu məsələ qaldırılmasın".