.jpg)
Tanınmamış Dağlıq Qarabağ Respublikasında 90-cı illərin əvvəllərindən bəri fəaliyyət göstərməyən hava nəqliyyatının işini bərpa etməyə hazırlaşırlar. Hazırda yeni hava limanı tikilməkdədir və onun oktyabr ayında hazır olacağı planlaşdırılır. Bu məqsədlə Mülki Aviasiya İdarəsi də yaradılıb.
O da gözlənir ki, ermənilər Xocalı hava limanını da bərpa etsinlər. Həmin hava limanının işlək vəziyyətə gəlməsilə separtçı rejim Ermənistanla əlaqlərini gücləndirməyə və özü üçün beynəlxalq çıxış yaratmağa cəhd göstərir.
Ümumiyyətlə, son dövrlər Ermənistanın Qarabağ siyasətində bir radikallaşma hiss olunur. Məsələn, Ermənistanın hakim Respublika Partiyasının üzvü, ölkə parlamentinin vitse-spikeri Samvel Nikoyan bildirib ki, İrəvan Dağlıq Qarabağı müstəqil qurum kimi tanıya bilər.
O iddia edib ki, ATƏT-in Minsk Qrupunun bütün resursları tükənərsə, İrəvan bu prosesə start verə bilər.
Lakin Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan bildirib ki, İrəvanın hazırkı mərhələdə Dağlıq Qarabağın müstəqilliyini tanıması məqsədəuyğun deyil: "Hazırda Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması beynəlxalq ictimaiyyətdən əks reaksiya ala, nizamlanma prosesində İrəvanın mövqelərini xeyli zəiflədə bilər".
Ermənistanın "İravnuk" qəzeti yazır ki, Serj Sarksiyan iqtidarının Qarabağ məsələsində fəallaşması onun hakimiyyəti itirmək qorxusundan irəli gəlir. Çünki erməni lobbisi Sarkisyanın Qarabağla bağlı siyasətindən açıq narazılıq ifadə edir və onun Azərbaycana güzəştə getdiyini düşünür. Bu səbəbdən Sarkisyan qarabağ məsələsində mövqeyinin dəyişmədiyini hər vəchlə nümayiş etdirməyə çalışır. Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın bu fonda açıqlamaları da xüsusi diqqət çəkir. Onun sözlərinə görə, rəsmi bəyanatlarda erməni tərəfi qeyd edir ki, danışıqlarda Dağlıq Qarabağı təmsil edir: " Lakin onu da bildirir ki, Dağlıq Qarabağın iştirakı olmadan nizamlanma ilə bağlı qərar qəbul etmək mümkün deyil". Qarabağ separatçılarının lideri hesab edir ki, onlar danışıqlarda iştirak etsəydilər, ATƏT-in Minsk Qrupu daha böyük nəticələrə nail ola bilərdi.
Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan Qarabağ probleminin həllində yaranmış dalandan yeganə çıxış yolunun Ermənistanda hakimiyyət dəyişikliyi olduğunu söyləyib. "Yeganə çıxış yolu prezidentin istefası, növbədənkənar seçki, güclü, legitim, xalqın dəstəyini almış hakimiyyətin formalaşdırılması, asayişin bərpasıdır. Yalnız bundan sonra Ermənistan beynəlxalq ictimaiyyətlə bir masa arxasına əyləşə və problemdən çıxış yollarını müzakirə edə bilər".
Sabiq XİN başçısı bildirib ki, hazırda nəinki Dağlıq Qarabağ separaçtıları, hətta Ermənistanın özü danışıqlar prosesindən kənarda qalıb: "Bu hakimiyyət martın 1-də insanları qətlə yetirməklə hakimiyyəti qəsb edib. Onun danışıqlar prosesində nə Ermənistanı, nə Dağlıq Qarabağı, nə də ordunu təmsil etmək haqqı var".
Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) eksperti Reha Yılmaz isə bildirir ki,
bu gün beynəlxalq ictimaiyyət problemin həlli üçün lazım olan təzyiqi etmədiyi kimi, siyasi təşəbbüsü də üzərinə götürmür: "Elə buna görə də münaqişə tərəfləri, məsələnin həllinə yaxınlaşmaq əvəzinə, ondan daha da uzaqlaşır. Ermənistan qlobal güclərin bölgədəki maraqlarını təmin etməklə hiyləbaz oyununu həyata keçirir. Azərbaycan isə beynəlxalq arenada haqq və ədalət axtarır. Məsələ burasındadır ki, Qarabağ probleminin həllində indiyə qədərki vəziyyət davam edərsə, bu, Azərbaycan üçün yaxşı nəticələr verməyə də bilər. Bu vəziyyətdə Azərbaycan bu gedişatı dəyişdirməli, fərqli ifadə ilə, öz yolunu özü müəyyən etməlidir".