Yeni yaşayış binaları elektrik, qaz və su sayğacları ilə təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim ediləcək
.jpg)
Azərbaycan Nazirlər Kabineti "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələrin edilməsilə əlaqədar olaraq bəzi qərarlarına dəyişiklik və əlavələr edib.
Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti adıçəkilən qanunların tətbiqilə əlaqədar olaraq yaşayış binaları, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə qoşulma xidmətlərini "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na əlavə edib.
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"na edilmiş əlavəyə əsasən, obyektin istismara qəbul edilməsi mərhələsində yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilə bilər.
Nazirlər Kabineti, həmçinin, "Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar"ına əlavə edib. Əlavələrə əsasən, yaşayış binaları, o cümlədən mənzillər elektrik, qaz və su sayğacları ilə təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilməlidir.