Eldar İbrahimov istehsal olunan unun Rusiya və Azərbaycan buğdasının qatışığından alındığını bildirir
.jpg)
Məlum olduğu kimi, Kür çayının yaratdığı sel bir sıra aran rayonlarında əkin sahələrinə ciddi ziyan vurub. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, daşqın nəticəsində 51 min hektar əkin sahəsi su altında qalıb.
Bu qədər ərazinin su altında qalması ölkədə istehsal olunan taxılın həcminin və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarıb.
Bunu Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov da mətbuata açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, taxıl qıtlığının yaranmasına başlıca səbəb bu il baş vermiş təbii fəlakətdir. Bununla belə, o, payızda unun və çörəyin bahalaşacağına dair səslənən fikirlərlə razılaşmayıb. Qeyd edib ki, ehtiyat fondunda kifayət qədər buğda olduğundan, narahatlığa əsas yoxdur: "Söhbət builki buğdanın keyfiyyətinin aşağı olmasından gedə bilər. Həqiqətən də yerli buğdaların keyfiyyəti aşağıdır. Buğdamızın yapışqanlığı az olduğu üçün onu Rusiya buğdası ilə qatışdırıb un üyüdürük".
E.İbrahimov taxıl qıtlığının olmasında başlıca amil kimi sarı pas xəstəliyinin bu il çox olması ilə bağlı səslənən fikirlərlə də razılaşmır: "Əsas səbəb təbii fəlakətdir. Bu məsələdə Kənd Təsərrüfatı Nazirliyini günahlandırmaq düzgün olmazdı. Onlar lazım olan tədbirləri görüblər. Amma yağış çox yağdı, əraziləri sel basdı və məhsuldarlıq aşağı düşdü. Buna Kənd Təsərrüfatı Nazirliyi neyləsin?".
Qeyd edək ki, bu il Qazaxıstan və Rusiyada hökm sürən quraqlıqla bağlı olaraq bu ölkələrdə taxıl qıtlığı yaranıb. Artıq Rusiya taxıl ixracını dayandırıb. Fermerlər isə, yem çatışmazlığı ucbatından, mal-qara kəsimini sürətləndirib. Bütün bunlar onu göstərir ki, Azərbaycan Rusiyadan taxılı bu il baha qiymətə alacaq. Bu isə yerli qiymətlərə təsir göstərəcək. Amma ekspertlər un və un məhsullarında qiymət artımının, əsasən, noyabr ayından sonra müşahidə edilə biləcəyini düşünür. Çünki müəyyən həddə qədər hökumət qiymətləri sabit saxlaya biləcək. Amma undan hazırlanan bəzi məhsullarda indidən qiymət artımının müşahidə edildiyi də bildirilir. Qeyd olunur ki, artıq şirniyyat məhsullarının qiymətləri qaldırılıb. Həmin məhsullar üçün istifadə olunan un xaricdən gətirildiyindən, qiymətlər artıb.
Əlavə edək ki, hətta indiki şəraitdə Azərbaycanda çörəyin qiyməti qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Ölkədə ərzaq buğdasına tələbat 1 milyon 600 min tondur.
Ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, taxıl qıtlığının yaranmasında başlıca səbəblər keyfiyyətli toxumluq buğdanın olmaması, pas xəstəliyinin yayılmasıdır: "Toxumluq buğda yerli buğdadan alınır ki, bu da bol və keyfiyyətli məhsul götürməyə imkan vermir. Fermerlər hektara 150 kq toxumluq buğda səpmək əvəzinə 380 kq toxum səpiblər. Xəstəlik isə sünbüldəki zülallı maddələrin miqdarını azaldıb və buğdadakı yağlılığı, yapışqanlığı minimuma endirib. Bu il ölkədə istehsal olunan buğda heç maldarlıq üçün də yaramır. Kənd Təsərrüfatı Nazirliyi vaxtında profilaktik tədbirlər görməyib. Bizdə fermerlərin bilik səviyyəsi də aşağıdır. Fermerlərin təcrübəsinin artırılması və onları keyfiyyətli buğda ilə təmin etmək Nazirliyin əsas işlərindən biridir. Amma bunların heç biri həyata keçirilməyib".
Ekspertə görə, biçilən taxıl hökumətin elan etdiyi keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün dəyər-dəyməzinə satılır. Bizim ölkədə məhsuldarlıq aşağı olduğuna görə onun maya dəyəri yüksək olur. Hətta 40 manat və ya 80 manat subsidiya alan fermerlərə də buğdanı 6 qəpiyə satmaq sərf eləmir.
Kənd Təsərrüfatı Nazirliyində isə hesab edirlər ki, ciddi narahatlığa əsas yoxdur, Ehtiyat Fondunda kifayət qədər buğda var. Bununla belə, Nazirliyin ayrı-ayrı nümayəndələri mətbuata açıqlamalarında qeyd edirlər ki, hazırda Azərbaycanda çörək maya dəyərindən bir neçə dəfə baha satılır. Ötən il Azərbaycanda buğda istehsalı maksimum həddə çatdığından və daxili tələbat ölkədə becərilən taxılın hesabına ödənildiyindən, çörəyin qiymətinin aşağı salınması üçün obeyktiv səbəblər mövcuddur. Çünki hazırda 1 kq buğdanın qiyməti 5-6 qəpik olduğu halda, 450 qramlıq çörək 30 qəpiyə satılır. Bu isə ədalətsizlikdir.
Əks mövqedən çıxış edən ekspertlərin rəyinə görə, çörəyin qiymətinin formalaşmasında buğdanın və unun payı o qədər də yüksək deyil. Onların fikrincə, qiymət portfelinə elektrik enerjisi və qazın istehlak tariflərinin yüksək olması daha çox təsir göstərir. Ona görə də enerjidaşıyıcılarının qiyməti aşağı salınmadan çörəyin ucuzlaşmasından danışmaq tezdir.
İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, çörəyin qiymətinin aşağı salınması mümkündür: "Nəzərə alsaq ki, Azərbaycanın taxıla olan tələbatı yerli istehsal hesabına ödənilir, o halda xaricdən asılılıq azalır. Çörəkbişirmə müəssisələrinin arqumenti ondan ibarətdir ki, enerjinin və digər məhsulların qiymətində ucuzlaşma olmadığına görə onlar da endirim edə bilməz. Amma mən bu yanaşma ilə razılaşmıram. Söhbət ondan getmir ki, Azərbaycanda da çörəyin qiyməti iki dəfə aşağı düşsün. Bunu heç kəs istəmir. Vəziyyəti təhlil etsək görərik ki, əhali istehlak qrupuna satılan qazın qiymətində artım baş verib. İstehsal müəssisələrinə satılan qazın qiyməti isə artmayıb. Eləcə də, elektrik enerjisinin tariflərində artım olmayıb. Eyni zamanda, buğdanın qiyməti aşağı düşüb, paralel olaraq digər xərclər sabit qalıb. Bu da çörək istehsalı ilə məşğul olan sahibkarlara imkan verir ki, qiymətləri aşağı salsın. İndiki halda çörəyin qiymətinin 5 qəpik aşağı salınması sahibkarlara heç bir ziyan gətirmir".