"Səid Dadaşbəylinin dəstəsi"nin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
Qohumlar vətənə xəyanət ittihamını qəbul etmir
"Səid Dadaşbəylinin dəstəsi" şərti adı ilə məhkum edilən şəxslərin valideynləri və həyat yoldaşları bu şəxslərin Hüquqlarını Müdafiə Komitəsi yaradıb.
Komitə üzvləri vətənə xəyanət, xarici dövlətin xeyrinə casusluq, hakimiyyət çevrilişi ittihamları ilə məhkum edilən övladlarına və həyat yoldaşlarına qarşı çıxarılan məhkəmə qərarını əsassız sayır və bundan irəli gələrək, yenidən məhkəmə prosesi keçirilməsini tələb edirlər.
Onların fikrincə, bu məhkəmə qərarı özü siyasi sifarişin nəticəsidir və gerçəklə heç bir əlaqəsi yoxdur. İttiham özü, istintaqın sübutları, istintaq prosesi saxtakarlıq və yalan üstə qurulub.
Komitə üzvləri övladlarını və həyat yoldaşlarını hansısa dini icma yox, birgə biznes fəaliyyətlərinin birləşdirdiyini deyib.
Bundan irəli gələrək, komitə üzvləri dövlət başçısı İlham Əliyevə bu dəstənin işilə bağlı çıxarılan məhkəmə qəraınının əsassız olduğu və buna görə yenidən mühakimə prosesi keçirilməsinə dair müraciət ünvanlayıb. Bu tipli müraciət baş prokurora da ünvanlanıb.
Komitə üzvləri yaxın vaxtlarda mətbuat konfransı keçirərək, bu məsələni bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istədiklərini deyiblər.
Komitə üzvlərinin açıqlamalarına görə, hazırda bu iş Avropa Məhkəməsində kommunikasiya mərhələsindədir. Bu işin təfərrüatı ilə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştrasser də məlumatlandırılıb.
Xatırladaq kı, 10 dekabr 2007-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə "Səidin qrupu" (15 nəfər) barəsində hökm çıxarıb.
TURAN