Dini Komitə "Dini liderlərin Bakı sammiti" barədə xəbərlərə düzəliş verdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yaydı
Bəzi kütləvi informasiya vasitələrində bu ilin dekabr ayının əvvəllərində Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda dünya dini liderlərinin növbəti sammitinin keçiriləcəyi barədə məlumat yayılıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirir ki, "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusundakı beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarında din məsələlərilə məşğul olan rəhbər işçilərin iştirakı nəzərdə tutulub. Politoloqlar, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrinin də qatılacağı həmin konfransa bəzi region ölkələrinin din xadimlərinin də qoşulması üçün onlara məktub göndərilib.
Beynəlxalq konfrans dövlət-din münasibətlərinin dünyəvilik baxımından öyrənilməsi problemlərinə həsr olunub. Tədbirin "dünya dini liderlərinin
növbəti sammiti" kimi təqdim edilməsi onun formatına uyğun deyil.