Lənkəran Əliyevdən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılmış yoxlamaların məhkəmə istintaqı başladı
 .jpg)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin (TTM) keçmiş bölük komandiri, baş leytenant Anar Eminovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən Anar Aydın oğlu Eminov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələrilə ittiham olunur.
Məhkəmədə ifadə verən A.Eminov isə özünü qismən təqsirli bilib.
Sonra proses zərərçəkən və şahid ifadələrilə davam etdirilib.
Xatırladaq ki, 2009-cu ilə iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb.
Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı aşkarlanıb, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələrilə cinayət işi açılıb. Bundan sonra TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, Əşya Xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev istintaqa cəlb olunub.
Müddətdən artıq xidmət edən hərbçilərin bölük komandiri, kapitan Ramil Xammədov isə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı isə ayrı icraatda aparılır.