Dəhşətli istilər Azərbaycan meşələrini yandıra-yandıra gedir
Son günlər havanın isti keçməsi bölgələrdə yanğınların yaranmasına səbəb olur. Bu yanğınlar, adətən bölgələrdə qurumuş otların istidən yanması, adamların ehtiyatsızlığı üzündən baş verir. Belə ki, yanğınlar ölkənin bütün bölgələrinə yayılsa da, ən çox şimal tərəfdə müşahidə edilir.
Srağagün Şabran rayonunun 7 kəndində yanğın baş verib. Təqribən 1000 hektara yaxın əkin, biçənək, bağ sahələri yanıb, yanğın Zeyvə kəndinin yaxınlığındakı meşə massivinə doğru irəliləyib. Yanğının söndürülməsi üçün rayon sakinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin şimal regional bölməsinin qüvvələri səfərbər edilib.
Yanğının baş verdiyi sahələr dağlıq ərazi olduğundan, alovun qarşısının alınmasında çətinlik yaranıb. Hələlik baş verən yanğınlar nəticəsində heç kimin xəsarət almadığı bildirilir.
Bundan əlavə, Qubanın Qırmızın qəsəbə yolundakı körpünün yaxınlığında, eləcə də Qəndab-Yalama avtomagistralının kənarında yerləşən meşə zolağında 3 ha meşə zolağı yanıb.
FHN-in gündəlik məlumatlarına görə, Göyçay, Ağdaş, Ağstafa, Hacıqabul, Füzuli və digər rayonlarda tonlarla ot bağlaması, bir neçə ha kol-kos yanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələri qorumağa çağırır.
TURAN