Azərbaycanın intellektual komandası erməniləri və gürcüləri üstələdi
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatında Azərbaycan qalib gəlib.
"Atəşgah İntellektual Oyunlar Klubu"nun İnformasiya siyasəti və mətbuatla əlaqələr xidmətindən APA-ya verilən məlumata görə, çempionatda üç Cənubi Qafqaz respublikasını təmsil edən 54 komanda 6 oyun turuna bölünərək mübarizə aparıb. Marafonun ilk turlarından liderliyə yiyələnərək onu əldən verməyən Balakişi Qasımovun komandası (Anar Əzimov, Adnan Axundov, Elman Talıbov, Anar Quliyev, Rauf Nəcəfli) 75 mümkün xaldan 64-ü toplayıb, ən yaxın rəqibini 7 xal qabaqlayaraq inamlı qələbə qazanıb. Çempionatın ikinci yerini də Azərbaycanı təmsil edən və Faiq Hüseynovun rəhbərlik etdiyi komanda (Emil Mədətov, Roman Orkodaşvili, Cəmilə Əzizova, Zaur Ağayev, Rüfət Abdulla) 57 xal toplamaqla tutub. Gürcüstanı təmsil edən David Rapavanın komandası və erməni komandalarından biri eyni xal yığmaqla üçuncü yeri bölüşüb. "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı çərçivəsində bir sıra qeyri-rəsmi səciyyə daşıyan yarışlar da keçirilib.