Bu ilin altı ayında Azərbaycanda mənzil tikintisinə qoyulan vəsait 5 dəfə artıb
Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator - CSI) 2010-cu ilin iyun ayı üzrə 111% təşkil edib. "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin may ayında bu indikator 159%, apreldə 169%, martda 83,7%, fevralda 160,6%, yanvarda isə 34,3%-ə bərabər olub.
CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın analoji göstəricisinə nisbəti kimi hesablanır. Mənzil tikintisi prosesini xarakterizə edən CSI indikatoru əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və iqtisadiyyatın ümumi inkişaf səviyyəsinin göstəricisi hesab olunur.
Qeyd edək ki, 2010-cu ilin iyun ayında mənzil tikintisinə 91 mln. manat, may ayında 81,9 mln. manat, apreldə 51,4 mln. manat, martda 30,4 mln. manat, fevralda 36,3 mln. manat, yanvarda isə 22,6 mln. manat həcmində maliyyə vəsaiti yönəldilib. Beləliklə, CSI indikatorunun 100% səviyyəsindən yüksək olması mənzil tikintisinə yönəldilən investisiyaların həcminin artdığını və ümumilikdə tikinti işlərinin genişləndiyini əks etdirir.