Azərbaycanda neft-qaz sahəsində bəzi idxal rüsumları ləğv edildi
Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsilə əlaqədar olaraq bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin qərarına əsasən, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin qərarına edilmiş dəyişikliklə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Dövlət Neft Fonduna (ARDNF) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük idxal rüsumlarından azad olunub.
Qeyd edək ki, buna qədər 1998-ci ildə qəbul edilmiş qərara əsasən, Azərbaycana, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin ARDNF-ə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük idxal rüsumlarından azad olub.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarına etdiyi əlavəyə əsasən, neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin ARDNF-ə və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar əlavə dəyər vergisindən azad olunub.