Azər Orucov Gədəbəydə yeniyetməni qətlə yetirən Rəhman Namazovun cinayətini sübut etdi
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gədəbəy rayonunda yeniyetməni qətlə yetirməkdə ittiham olunan Rəhman Namazovun məhkəməsi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə R.Namazov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1995-ci il təvəllüdlü Ramin Allahverdiyevin valideynləri onun itkin düşməsi barədə polisə məlumat verib. Axtarış tədbirlərinə baxmayaraq, R.Allahverdiyevi tapmaq mümkün olmayıb.
Gədəbəy Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində 14 yaşlı Raminin qətlə yetirildiyi məlum olub. İstintaq müəyyən edib ki, R.Allahverdiyev qonşusu, 1985-ci il təvəllüdlü Rəhman Namazov tərəfindən qətlə yetirilib. R.Namazov cinayət əməlini gizlətmək məqsədilə yeniyetmənin meyitini hissələrə bölərək dağlıq ərazidə torpağa basdırıb.
Araşdırmalar zamanı məlum olub ki, qonşular arasında it üstündə dava düşüb. R.Namazov və R.Allahverdiyevin itlərinin boğuşması hər iki şəxsin mübahisə etməsinə səbəb olub. Mübahisə isə R.Allahverdiyevin itinin R.Namazovun itinə qalib gəlməsi üstündə baş verib. R.Allahverdiyev "bax, mənim itim, sənin itini boğdu" deməsi Namazova təsir edib. Bu sözlərdən təsirlənən R.Namazov özündə olan bıçaqla R.Allahverdiyevi qətlə yetirib. O, daha sonra törətdiyi ağır cinayəti gizlətmək məqsədilə Allahverdiyevi bir neçə hissəyə bölüb və dağların arasında basdırıb.