Qubanın 2-ci Nügədi kəndində qəbiristanlıq yanıb
Dünən Quba rayonunda 2 yanğın hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun xəbərinə görə, hadisələrdən biri saat 15.00 radələrində 2-ci Nügədi kəndinin 9-cu məhəllə adlanan ərazisində baş verib.
Kənd sakininə məxsus təndirxanada yaranan alov 9 kvadratmetrlik sahəni külə döndərib. Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını cəlb edilib və yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Daha bir hadisə isə saat 16.00 radələrində Qubanın Əlibəyqışlaq kəndinin yaxınlığındakı meşədə yerləşən qəbiristanlıqda baş verib. 1 hektar ərazidə yaranan alov 10-dək məzara öz təsirini göstərib. Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını gəlib. Kənd sakinlərinin də yaxından köməyi sayəsində yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına yaxınlıqdakı elektrik xətlərində qısaqapanma səbəb olub. Quba Yanğından Mühafizə Xidmətinin rəisi Əzizağa Qasımovun APA-ya verdiyi məlumata görə, son 2 gün ərzində Quba rayonunda 5 yanğın hadisəsi qeydə alınıb. Yanğınların bir səbəbi də qızmar və küləkli hava şəraitilə əlaqələndirilir.