İrana qarşı sərtləşən sanksiyalar fonunda islam bankçılığının yayılması ətrafında müzakirələr artır
.jpg)
Qərb dövlətləri tərəfindən sərt sanksiyalarla üzləşməkdə olan İran neft satışından əldə etdiyi gəlirlərin gələcək taleyi barədə ciddi narahatlıq keçirməkdədir. Rəsmi Tehran özünün neft və qaz pullarını indi Qrəb məkanından çıxararaq Asiya dövlətlərində saxlamaq üzərində genişmiqyaslı fəaliyyət planı hazırlayır.
Gözlənir ki, qarşıdakı dövr ərzində İran öz pullarının bir hissəsini də Azərbaycanda saxlamaq üçün konkret addımlar atsın. Lakin İran həm də Azərbaycanda özəl bankların səhmlərini almaq, öz banklarının buradakı filiallarını genişləndirmək, təkcə Bakıda yox, Azərbaycan rayonlarında, xüsusən ölkənin cənub regionunda filiallarını yaratmağı düşünür.
Bu barədə danışmazdan öncə qeyd edək ki, İran Mərkəzi Bankı bildirib ki, onlar potensial risqin mövcud olduğu bütün ölkələrdəki maliyyə vəsaitlərini daha təhlükəsiz yerlərə köçürəcəklər. Xatırladaq ki, BMT-nin ardınca Avropa Birliyi İrana qarşı yeni sanksiyalar paketini qəbul edib. Sanksiyalar, əsasən İranın strateji sahəsini - neft-qaz sektorunu hədəfə alır. Avropa Birliyi ölkələrinin İranın enerji sektoruna yatırım qoyması, bu ölkəyə texnologiya ötürməsi və texniki yardım göstərməsi yasaqlanır. Rəsmi Tehran isə ona qarşı sanksiyalar tətbiq edəcək ölkələrin banklarındakı pulları çıxaracaq. İran Mərkəzi Bankının sədr müavini Həmid Burhaninin dediyinə görə, onlar potensial risqin mövcud olduğu bütün ölkələrdəki maliyyə vəsaitlərini daha təhlükəsiz yerlərə köçürəcəklər: "Bu, yetərincə məntiqi qərardır".
Britaniyanın "The Financial Times" qəzeti isə yazır ki, İran AB banklarındakı pulları Asiya banklarına köçürəcək. Qeyd olunduğu kimi isə, belə məkanlardan biri kimi Azərbaycanın seçiləcəyi gözlənir. Bundan əlavə, İran Azərbaycanda öz vəsaitini reallaşdırmaq üçün kommersiya banklarının nizamnamə kapitalında iştirak payı almaqda maraqlı olduğunu bəyan edib. Hələ ötən ay İranın Mərkəzi Bankı sədrinin birinci müavini Seyyid Həmid Purməhəmmədi də təsdiq edib ki, İran bank rəhbərləri bu işdə maraqlıdır və öz fikirlərini bildiriblər: "İran dövlətinin qanunları da buna icazə verir və biz, İran Mərkəzi Bankı olaraq, İran banklarına Azərbaycandakı kommersiya bankları ilə işləməyə lisenziya verək".
Bununla yanaşı o da məlumdur ki, İran Milli Bankı Azərbaycanda fəaliyyətini genişləndirmək, iranlı tacirlər və investorlara daha yaxşı xidmət göstərmək məqsədilə bankın Azərbaycanın digər şəhərlərində, o cümlədən Astara və Biləsuvarda şöbələrinin açılması nəzərdə tutub. İran Milli Bankının məlumatına görə, sözügedən məsələ ilə bağlı Azərbaycan tərəfilə ilkin razılaşma artıq əldə olunub. O da məlumdur ki, İran hökumətinin Azərbaycanda açacağı banka ilkin olaraq yatıracağı sərmayənin miqdarı 50 milyon dollar olacaq.
Bununla yanaşı, İran Azərbaycanda İslam bankçılığının inkişaf etdirilməsində də maraqlı tərəf kimi çıxış edir. Seyyid Həmid Purməhəmmədi bununla bağlı qeyd edib: "İran hər şeydən öncə öz bank sistemini islami qanunlara əsasən tənzimləyir. Bu da 70 il əvvəl iranlı alim Məhəmmədbaqir Sədrin İslam bankçılığı barədə yazdığı kitaba əsaslanır. Bizim İslam bankçılığı haqda kifayət qədər təcrübəmiz var və bu təcrübəni Azərbaycanlı qardaşlarımızla bölüşməyə hazırıq. Biz həm Azərbaycan bank sistemində işləyənləri İran Mərkəzi Bankına dəvət edirik, həm də özümüzdən bank sahəsində olan təcrübəli insanları qrup şəklində Azərbaycana göndərə bilərik. Beləliklə, iki ölkə arasında İslam bankçılıq sistemini inkişaf etdirə bilərik. Onu da qeyd edim ki, İranda bank sistemində işləyənlərin çoxu azərbaycanlıdır. Elə bilirəm ki, bu, əməkdaşlığımızın inkişafına daha da müsbət təsir göstərəcək".
Qeyd edək ki, İranla Azərbaycan arasında beynəlxalq pulköçürmə əməliyyatlarının ümumi həcmi də artır və bu da Tehranın xüsusi maraq dairəsindədir. Çünki İran banklarının sanksiyalara məruz qalması fonunda Tehrana Azərbaycan vasitəsilə maliyyə əməliyyatlarının miqdarını genişləndirmək olduqca sərfəlidir. Hazırda İran Milli Bankı da sanksiyalara məruz qalan qurumlar sırasında yer alır. Bu banka qarşı sanksiyalar yalnız Tehrandakı baş ofisə deyil, həm də Azərbaycanda, İraqda, Çində, Fransada, Almaniyada, Omanda və BƏƏ-dəki filiallara da aid edilib. Bundan əlavə, sanksiyalar bankın törəmə strukturlarına tətbiq olunub. Onlar "Bank Melli Iran" QSC (Moskva), "Melli Bank" PLC (London), Tehrandakı "Bank Cargoshaee" və "Kabildəki Arian Bank" şirkətləridir.
Azərbaycanda hazırda "Bank Melli"dən başqa digər İran bankları fəaliyyət göstərmir. Sanksiyalara görə ABŞ şirkətlərinin və fiziki şəxslərinin bu İran bankları və təşkilatları ilə olan istənilən əməliyyatları qadağan olunur. Onların ABŞ-ın yurisdiksiyası altında olan bütün aktivləri dondurulacaq.