Bakı vağzalında 7 aylıq uşağını 6400 manata satan ananın məhkəməsi başlayıb
Bakı Apelyasiya Məhkəməsində insan alverində təqsirləndirilən mütəşəkkil dəstənin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayət əsasında baxış iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər ifadə verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini istəyib. Proses iyulun 30-da davam etdiriləcək. Qeyd edək ki, cinayət işi üzrə İlham Trihudə, Elman Sadixi və Zülfiyyə Hüseynova təqsirləndirilirlər. İttiham aktına əsasən, ötən il iyunun 6-da Bakı Dəmiryol Stansiyasının ərazisində Zülfiyyə Hüseynova İlham Trihudə və Elman Sadixi ilə əlbir olaraq 7 aylıq qızını 6.400 manata satmaq istəyib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 144-1.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barədə insan alveri törətmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən insan alveri törətmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrinə əsasən ittiham olunur.