Dərnəgüldəki masaj salonunda "Riad"ın mühafizə əməkdaşı qətlə yetirildi
Fuad Ələkbərov ağır vəziyyətdə xəstəxanaya çatdırıldı
Bakıda masaj salonlarından birində qətl hadisəsi törədilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə iyulun 26-dan 27-ə keçən gecə Dərnəgül qəsəbəsində yerləşən masaj salonlarından birində qeydə alınıb. Üç naməlum şəxs salonda mühafizəçi işləyən "Riad" Mühafizə Xidmətinin əməkdaşları, 1980-cı il təvəllüdlü Elşad Qasımovu və Fuad Ələkbərovu bıçaqlayıb. E.Qasımov aldığı 4 bıçaq zərbəsindən yerindəcə keçinib. Digər mühafizəçi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hələlik hadisənin motivi məlum deyil. Binəqədi Rayon Polis İdarəsindən bildirilir ki, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - 1978-ci il təvəllüdlü Sadiq Əsgərov və 1983-cü il təvəllüdlü Orxan Hümbətəliyev saxlanıb. Onlardan cinayətdə istifadə olunan bıçaq və qanlı paltarlar maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbər xidməti