Bakının Qaraçuxur qəsəbəsində "su qiyamı"...
Sakinlər içməli suyun olmamasından şikayətlənir
Dünən Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 14 ünvanının sakinləri yolu bağlayıb. Aksiyanın keçirilməsinə səbəb qəsəbədə bir həftədən çoxdur içməli suyun olmamasıdır. Bu barədə qəsəbə sakinləri ANS PRESS-ə şikayətlərində bildirib.
"Bir həftədən çoxdur su gəlmir. Deyirlər ki, su nasosunun naqili qırılıb. Naqil asfaltın altından keçdiyindən problemin həll olunması üçün yolun qazılması lazımdır. "Azərsu" ASC-dən də bizə bildirirlər ki, gərək yolun qazılmasına Qaraçuxur bələdiyyəsi icazə versin" -deyə qəsəbə sakini Ağalar Uğurlu vurğuladı.
Məsələ ilə əlaqədar Qaraçuxur bələdiyyəsinin sədr müavini Əvəz Mirzəyev ANS PRESS-ə açıqlamasında problemin su qıtlığından deyil, yerin altından su sızmasından ibarət olduğunu bildirdi.
"Qəsəbəyə su gəlməsilə əlaqədar heç bir problem yoxdur. Sadəcə, iki gündür yerin altındakı su borularından sızma var. Bizə də sakinlər elə bununla əlaqədar şikayət bildirib. Zaur Şərifov küçəsində yolun bağlanmasına da səbəb kimi bunu göstəriblər. Məsələ ilə əlaqədar salahiyyətli şəxslərə məlumat verilib. Sakinlərlə razılığa gəlinib. Problem iki günə həll olunacaq" - deyə Əvəz Mirzəyev vurğulayıb.