Ən ağır müsabiqə şəraiti ikinci qrupda yaranıb
600-dən çox bal toplayanların sayı bu il xeyli artıb
Bu il 1414 abituriyent ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Ötən il isə bu rəqəm 996 nəfər olub. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, ixtisas seçimində olan rəqabət ümumi müsabiqədə iştirak edənlərin sayından və onların nəticəsindən asılıdır. Nəticələr bu il ayrı-ayrı qruplar üzrə müxtəlif olub.
TQDK rəsmisinin sözlərinə görə, bu il ixtisas seçimində ən yüksək müsabiqə vəziyyəti II qrupda, daha sonra isə IV qrupda yaranıb. Bu il II qrupda 518 nəfər 600-dən çox bal toplayıb. Bu ilki imtahanlarda II qrup üzrə də 500-dən çox bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə artaraq 1801 nəfərə çatıb. IV qrup üzrə 500-dən yüksək nəticə göstərənlərin sayı isə təqribən ötən ilki qədərdir. Bu il IV qrup üzrə 1263 nəfər 500-dən çox bal toplayıb. E. Nağızadə deyib ki, I və III ixtisas qruplarında 500-dən çox bal toplayanların sayında azalma qeydə alınıb. Bu il I qrup üzrə 932, III qrup üzrə 1283 nəfər 500-dən çox nəticə göstərə bilib.
E.Nağızadə bildirib ki, bu il I və III qruplarda orta və aşağı nəticə göstərənlərin sayı çox olduğu üçün müsabiqə vəziyyəti digər qruplarla müqayisədə abituriyentlər üçün sərfəli olub.