"Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusu...
DAK tədbir keçirdi
Dünya Azərbaycanlıları Konqresi (DAK) "Azərbaycan milli mətbuatında Güney Azərbaycan" mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Güney Azərbaycan mövzusunda yazan jurnalistlər və ziyalılar iştirak edib.
DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli bildirib ki, güney və quzey Azərbaycanın mətbuatı həmişə bir-birinə dəstək olub: "Güney Azərbaycan əhalisinin maarifləndirilməsi, informasiya ilə təmin olunması məsələsində Quzey Azərbaycan mətbuatının böyük rolu var. Son illər güneydə baş verən hadisələrə Azərbaycan mətbuatı xüsusilə diqqətlə yanaşıb". DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə deyib ki, Güney Azərbaycandakı milli azadlıq hərəkatının fəallarına qarşı təqib və təzyiqlər davam edir və bu, mətbuatın diqqətindən kənarda qalmır. O, DAK-ın fəaliyyətində mətbuatla əlaqələrin xüsusi bir istiqamət təşkil etdiyini vurğulayıb. Digər iştirakçıların da çıxışından sonra Güney Azərbaycan mövzusunda yazan jurnalistlərə diplomlar təqdim olunub.