Şəmkirdə yol polisinin qətlinə görə araşdırma başladı
Kazımov Elşənin cəzasını Mahmud Ağalarov verəcək
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən Elşən Subayət oğlu Kazımovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 3-nə təyin olunub.
İttihama görə, 2010-cu il mayın 11-də Şəmkir rayonu ərazisində Baş Dövlət Yol Polisi alayının 9-cu tağımının müfəttişi, 1969-cu il təvəllüdlü Mehman Tapdıq oğlu Məmmədov rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşını nəzarət qaydasında saxlayıb. Aparılan araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan, Mehman Məmmədov Elşən Kazımovu avtomaşından düşürərək sərxoşluq dərəcəsini müəyyən etmək üçün xidməti avtomaşına oturdub. Onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına apararkən Muxtariyyat kəndi ərazisində onlar arasında münaqişə baş verib. Münaqişə zamanı Elşən Kazımov Mehman Məmmədovu daşla qətlə yetirərək, xidməti avtomaşında hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində E.Kazımov tutularaq istintaqa təhvil verilib.
E.Kazımov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsilə ittiham olunur.