10 il əvvəl Zaqatalada ifşa olunmuş Hacı Maqomedovun silahlı dəstəsinin bir üzvü axtarışa verildi
.jpg)
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) 2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Maqomedovun silahlı quldur dəstəsinin fəal üzvlərindən olan daha bir Zaqatala sakini barəsində axtarış elan edib.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala rayonu Car kənd sakini, 1958-ci il təvəllüdlü Rizvanov Ömər Hacımurad oğlu Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 217.2-ci (banditizm - sabit silahlı qruplarda və ya onların törətdiyi basqınlarda iştirak etmə) maddələrilə təqsirli bilinir. Onun barəsində 2001-ci ilin oktyabrından Zaqatala Rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilib. Məlumata görə, Ö.Rizvanov H.Maqomedovun başçılıq etdiyi silahlı cinayətkar birləşmənin ən fəal üzvlərindən olub və silahlı qruplaşmanın tərkibində bir sıra ağır cinayətlər törədib.
Barəsində axtarış elan olunan gündən bəri Ö. Rizvanovun harada gizləndiyi məlum deyil. DİN mətbuat xidməti həmin şəxsin fotosunu APA-ya təqdim edib.
DİN Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan, CM-in 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddəsilə axtarışa verilmiş Bayramov Şirin Qədir oğlunun fotosunu da APA-ya təqdim edib. Əldə olunan əməliyyat məlumatlarına görə, Ş.Bayramov respublikanın bir sıra rayonlarında həyat yoldaşı, Ağstafa rayon sakini, 1961-ci il təvəllüdlü Eyyubova Məlahət İbrahimxəlil qızı və az yaşlı övladı ilə birlikdə dələduzluq etməklə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyib.
DİN barəsində axtarış elan olunmuş hər iki şəxsin yerinin müəyyənləşdirilməsində köməklik məqsədi ilə, onların gizləndiyi yer barədə məlumatı olan şəxslərdən nazirliyin Baş Cinayət Axtarış İdarəsinə və ya Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilməsini xahiş edir. Məlumatın anonimliyi qorunmaqla həmin vətəndaşlara yüksək məbləğdə pul mükafatı veriləcək.
Əlaqə telefonları: 012 590 91 03, 0174 5 24 63, 0 174 5 26 20, 0174 5 22 76.