.jpg)
Son günlər ölkə mediasında diqqət yetirilən mövzular sırasında Beynəlxalq Bank ətrafında cərəyan edən hadisələr daha çox diqqət cəlb edir. Xatırladaq ki, bu günlərdə sözügedən bankın səhmdarlarının ümumi yığıncağı keçirilib.
Yığıncaqda səhmlərin 80 faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla, dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Elə bu da bankın maliyyə durumunun yaxşı olmamasına dair xəbərlərin yenidən geniş vüsət almasına səbəb olub. Xatırladaq ki, Beynəlxalq Bank ölkənin ən kapitallaşdırılmış bankıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, kapitalının həcminə görə ölkədə aparıcı bank olduğu üçün Beynəlxalq Bankda baş verən proseslər bank sektoruna münasibətin formalaşması baxımından əhəmiyyətlidir: "Nəzərə alsaq ki, bank sektoru həssas sektordur, o baxımdan Beynəlxalq Bankda müşahidə edilən problemlər adi vətəndaşlar, müəssisələr arasında "ölkənin birinci bankında problem yaşanırsa, o zaman kapitalının həcminə görə ölkənin 15 və 20-ci bankında problemlərin yaşanmayacağına kim zəmanət verə bilər" kimi narahatlıqlar doğurur. Beynəlxalq Bankda müşahidə edilən problemlər yalnız bu bankın deyil. bütövlükdə bank sisteminin problemidir". Azərbaycan bankları arasında xaricdə ilk dəfə Beynəlxalq Bankın AAA+ reytinq aldığını xatırladan V.Bayramov artıq bir müddətdir bankın ciddi maliyyə problemlərilə üzləşdiyini bildirir: "Əvvəla, Beynəlxalq Bankda müəyyən maliyyə problemlərinin mövcudluğu, eləcə də səhmdarlara dividendlərin ödənilməsindəki problemlər maliyyə qurumunun xarici reytinqinə təsir göstərir. Beynəlxalq maliyyə qurumları bank sistemini qiymətləndirən zaman, xüsusilə qlobal maliyyə böhranından sonra, Azərbaycanda problemli banklar sırasında Beynəlxalq Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki, Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra AAA+ reytinqindən BB reytinqinə qədər aşağı düşüb"
V.Bayramovun Müstəqil İnformasiya Agentliyinin portalında yer alan açıqlamasında bildirilir ki, Beynəlxalq Bankda müşahidə edilən problemlər qurumun tətbiq etdiyi kooperativ idarəetmənin iflasa uğramasından xəbər verir: "Beynəlxalq Bankın idarəetmə sistemi uzun müddət digər banklar üçün nümunəvi xarakter daşısa da, son illər idarəetmə sistemində islahatların aparılmaması, təmərküzləşmə meyllərinin, qərarların qəbulunun mərkəzləşdirilməsi sözügedən problemlərin yaranmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarından başlayaraq bank öz səhmdarlarına dividend ödəyə bilmir. Bankda problemlərin yaranmasının digər səbəbi problemli kreditlərin həcminin artmasıdır. Nəzərə alsaq ki, Beynəlxalq Bankın uzun müddət reytinqi AAA+ reytinqi olub, o baxımdan bankın Amerika Birləşmiş Ştatlarında, Avropada ucuz maliyyə mənbələrinə birbaşa çıxış imkanları olub. Deməli, Beynəlxalq Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər bankların cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsindən aşağı təşkil edib. Praktiki bu, Beynəlxalq Banka kifayət qədər manevr imkanları versə də, kredit bazarında rəqabət aparmaq üçün üstünlük qazandırsa da, ötən müddətdə bankın kredit bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib, əksinə, problemli kreditlərin- verilən və geri qaytarılmayan kreditlərin sayının artımına gətirib çıxarıb". Ekspert bankın gəlirlərinin 70 faizinin kreditlərin verilməsi və kreditlər üzrə dividendlərin ödənilməsinə görə əldə edilən gəlirlər olduğunu da deyir.
Onun fikrincə, problemli kreditlər məsələsinin böyüməsi Beynəlxalq Bankın likvidliyinə çox ciddi mənfi təsir göstərib. Ən əsası isə, bankın gəlirlərinin azalmasına gətirib çıxarıb. Səhmdarlara dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsinə gəlincə, V.Bayramovun qənaətinə görə, bu qərar da bankda vəziyyətin yaxşı olmadığından xəbər verir: "Rəsmi məlumatlara əsasən, səhmdarların 80 faizi qərarın lehinə səs verib. Belə bir qərarın qəbulu rüblük dividendlərin ödənilməsilə bağlı problemin qalmaqda olduğunu göstərir. Eyni zamanda, Beynəlxalq Bank növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, 2010-cu il ərzində bank öz səhmdarlarına dividend ödəmək imkanına malik olmayacaq".
İqtisadçı, bununla belə, problemin həlli üçün yaxın vaxtlarda Beynəlxalq Banka dövlətin müdaxiləsinin kəskin artmasının gözlənildiyini də əlavə edir.