Qaradağda Dərin Özüllər Zavodunun fəhlələrlə dolu avtobusu aşdı
Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə dünən səhər saatlarında Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələrini daşıyan avtobus yolun əks istiqamətilə hərəkət edən minik maşını ilə toqquşub. Toqquşma nəticəsində avtobus aşıb, avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
KTM-dən APA-ya bildirilib ki, məlum qəza ilə əlaqədar mərkəzə 9 nəfər gətirilib. Onlardan - Etibar Rzayev, Namiq Mikayılov, Baxış Mirzəyev, Aqşin Zeynalov, Hidayət Ziya və Rizvan Məmmədov yüngül bədən xəsarətləri alıb. Daha üç nəfər- Sahib Dadaşov, Ramin Musayev və Manaf Qədirov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.