.jpg)
Dünyanın siyasi gündəmini yenidən məşğul edən hadisələrdən biri İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardır. Həmin sanksiyalar BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əlavədir. Məlumatlara görə, iqtisadi vəziyyətin ağırlaşacağını hiss edən bir sıra İran vətəndaşlarının yenidən ölkədən köçü başlayıb.
Rusiyanın "Pressentr" portalının yazdığına görə, İran vətəndaşları daha çox qonşu ölkələrə - Türkiyəyə, Azərbaycana, çox az hissə Türkmənistana üz tutmağa hazırlaşır. Lakin daha uzaq xaricə, o cümlədən Avropa ölkələrinə mühacirət etmək istəyən iranlıların sayının bundan çox olduğu bildirilir.
ABŞ-da isə belə hesab edilir ki, sanksiyalara rəğmən, istənilən halda İrana qarşı müharibə labüddür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Maykl Hayden də təsdiq edib ki, İrana qarşı müharibə qaçılmazdır: "İranın nüvə obyektlərinə hücum ehtimalı indi daha yüksəkdir. Artıq İrana qarşı bu addımın atılması qaçılmazdır. İranın nüvə proqramını dayandırmaması ABŞ-a başqa yol saxlamır". Onun fikrincə, önləyici tədbirlər görülməsə, İran nüvə proqramını kütləvi qırğın silahının istehsalına imkan verəcək dərəcəyə çatdıracaq.
Bu arada isə Rusiya İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardan hiddətləndiyni açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bununla bağlı qeyd edib ki, İrana qarşı birtərəfli sanksiyaların tətbiqi yolverilməzdir: "Biz artıq bir neçə dəfə bəyan etmişik, BMT Təhlükəsizlik Şurasının İrana qarşı birtərəfli qaydada sanksiyaların tətbiq edilməsi barədə qərarını yolverilməz hesab edirik. Bu nəinki bizim İranın nüvə prqoramı ilə bağlı yaranmış durumu diplomatik yolla nizamlamaq yolunda birgə səylərimizi korlayır, həmçinin BMT Təhlükəsizlik Şurasının razılaşdırılmış qətnaməsinə qarşı sayqısızlıqdır".
Nesterenko onu da bildirib ki, Avropa Birliyinin İrana qarşı qəbul etdiyi sanksiyalar, əvvəllər ABŞ hökumətinin də qəbul etdiyi qərarlar paketi kimi, yaranmış durumun dəyişilməsinə kömək etməyəcək: "Bu yolla İranın nüvə proqramı ilə bağlı problemi siyasi-diplomatik üsulla həll etmək imkanları da əldən çıxacaq. Biz bunu görürük".
İran Mərkəzi Bankının sədr müavini Həmid Burhani isə qeyd edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı BMT-nin qadağalarını tətbiq edəcək ölkələrlə ticarət əlaqələri kəsiləcək". Burhani açıqlamasında İslam ölkəsi səhmlərinə qarşı qadağalar tətbiq edəcək ölkələrlə ticari münasibətlərə son qoyulacağını deyib.
Amerika Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı şöbəsinin rəhbəri Stüart Levi isə bəyan edib ki, təsdiqlənmiş sanksiyalar artıq özəl investorları İrana sərmaye qoymaqdan yayındırır: "Biz görürük ki, dünya üzrə özəl sektor sanksiyalar səbəbindən İrana münasibətini dramatik surətdə dəyişir. Görürük ki, çox sayda şirkət İranla iş aparmaqdan imtina edir. Şirkətlər İranın infrastrukturuna pul buraxmır. Bu isə çox mühüm məqamdır. Çünki bu cür investisiyalar ölkəyə gəlmirsə, uzaq perspektivdə İran iqtisadiyyatı çox ağır bir duruma düşəcək. İnvestisiya qıtlığı İranın neft və qaz yataqlarının inkişaf etdirilməsinə çox pis təsir edir". Stüart Levi İran xalqının BMT sanksiyalarının qurbanına çevrilməsi fikrini rədd edib: "Təkcə İran yox, başqa ölkələr üzərinə də sanksiyaların yeridilməsi üçün məsuliyyət daşıyan bir şəxs kimi, mən çox zaman belə cəza tədbirlərin günahkarları hədəfləməsi, onların qurbanı olanlara ziyan vurmaması üzərində çox düşünürəm. Buna görə biz əlimizdən gələni edirik ki, beynəlxalq qanunları pozan şəxslərə sanksiyaların təsiri daha güclü olsun. Bunu edəndə, daha yaxşı nəticə əldə edirik. Daha yaxşı nəticə deyəndə mən İrandan kənarda olan özəl sektorun reaksiyasını nəzərdə tuturam. Bu sektor bizimlə daha yaxından əməkdaşlıq edərək, sanksiyaların təsirinin artmasına səbəb olur. Eyni zamanda, biz yerli əhalinin də bizi anlamasına ümid edirik. Burada optimal variant yoxdur. Lakin beynəlxalq neft və qaz şirkətləri üzərində diqqətimizi cəmləşdirərək, eləcə də İranın nüvə və digər hərbi qurumlarını hədəfə alaraq, biz sadə xalqın çətinliklərini, tam heç etməsək də, minimallaşdıra bilirik".
Amerikanın terror və maliyyə kəşfiyyatı üzrə nazir müavini təsdiq edib ki, son sanksiyaların əsas hədəflərindən biri İran İnqilab Qvardiyasıdır: "BMT TŞ-nın qətnaməsi çox əhəmiyyətlidir. Onun siyahısında İran İnqilab Qvardiyasının nəzarətində olan əsas şirkətlər var. Buraya "Katamol-albium" və onun filialları və əlaqəli şirkətləri daxildir. Qətnamənin bu cür yazılmasının əhəmiyyəti odur ki, indi bu şirkətlər İrandan kənarda olan şirkətlərlə əməkdaşlıq edə bilməyəcəklər. Bu əsas məqamdır. Bu şirkətlər ölkədən kənarda aparılan əməliyyatlardan son dərəcə asılıdır. İndi onların tərəf-müqabillərinə İranla işləmək qadağandır. Həm də təkcə qadağana görə yox. Əsası odur ki, İranın son bir neçə ildə özünü aparmasını izləyən özəl şirkətlər müxtəlif səbəblərdən getdikcə İrana arxa çevirməkdədir. Xüsusilə də İnqilab Qvardiyası ilə əlaqəli olan şirkətlərə".
Cənab Levi niyə məhz İnqilab Qvardiyasının hədəfə alındığını belə izah edib: "İnqilab Qvardiyası müxtəlif səbəblərdən getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Birincisi, onlar siyasi cəhətdən rəhbərlik üçün daha vacibdir. Çünki onların hakimiyyətdə qalmasında Qvardiya artıq dərəcədə mühüm rol oynamaqdadır. Hərbi cəhətdən də bu vacbidir. İnqilab Qvardiyası İranın raket proqramında fəal iştirak edir. Elə başqa hərbi layihələrdə də. İran hökuməti ölkə iqtisadiyyatının gəlirlərinin getdikcə daha böyük hissəsini İnqilab Qvardiyasının maliyyələşdirilməsinə sərf edir. Ona mühüm müqavilələr verilir, infrastruktur layihələrində iştirak etməyə şərait yaradılır. Eyni zamanda, bu, İranın biznes icmasının ziyanına olan bir prosesdir. Əlavə etməliyəm ki, bu təşkilat İrana demokratik etirazların yatırılmasına görə məsuliyyət daşıyır. 2009-cu ildə və elə indinin özündə bu belədir".