.jpg)
Şəraitin stabil şəkildə davamiyyəti Azərbaycanda bütün sahələrin inkişafına təkan verir. Aidiyyəti dövlət strukturlarında nəzərəçarpacaq müsbət aktivləşmənin intensivləşməsi ölkə daxilində iqtisadi, siyasi, sosial problemlərin həllini sürətləndirir.
Bunu dövlətin istənilən təbəqəsinə nüfuz etdikdə görmək mümkündür. Bu tibb, təhsil, mədəniyyət, KİV, aqrar-iqtisadi və xüsusilə də hərb sahəsində aydın müşahidə olunur. Ölkə prezidentinin Azərbaycan Silahlı Qüvvələrinə ayırdığı vəsaitin ilbəil artması ordu quruculuğunu gücləndirir. Ordunun nizam-intizamını artırır, mütəşəkkilliyini möhkəmləndirir. Daxili qayda-qanunların nizamlı hala düşməsi və əvvəlki illərlə müqayisədə müəyyən neqativ insidentlərin baş verməməsi hərbiyə olan hədsiz qayğının təzahürüdür. Ancaq ordu rəhbərliyinin ciddi səyinə baxmayaraq, bir sıra neqativ olaylar güclü qoşunun üzərinə hələ də kölgə salır. Bu cür xoşagəlməz hallar sırasında hərbidə baş verən "dedovşina"ları göstərmək olar. Məlumat üçün deyək ki, bu kimi hallar daha çox Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ön xəttində xidmət aparan əsgərlər arasında baş verir.
Bu gün isə bu tip hallar, demək olar ki, xeyli azalıb. Bunu deməyə əsas verən orduda böyük həyəcana səbəb olan ciddi "dedovşina"ların Müdafiə Nazirliyi və digər qurumlar tərəfindən son zamanlar qeydə alınmaması kimi fikirlərdir. Bu sevindirici haldır. Bu kimi fikirlərin cəmiyyətə müsbət yöndə təsiri göz önündədir. Hətta biz bunu müddətli həqiqi hərbi xidmətə çağırışçıların qulluqdan yayınmamasından da görürük.
Bu nə deməkdir? "Dedovşina"nın kökü kəsilir, ya ört-basdır edilir? Bir sıra müstəqil hərbi ekspertlərdən münasibət öyrəndik.
Ekspert Mehdi Mehdiyev bu söz-söhbətlərin adi şayiə və ordumuza edilən qarayaxmadan başqa bir şey olmadığını vurğuladı. O, Milli Ordumuzun yüksək tələblərə cavab verdiyini və xidmətə çağırılan sıravi əsgərə qarşı hər hansı bir problemin yaradılmadığını dedi. Müəyyən dövrlərdə yaşanan kiçik insidentləri isə gənc şəxsi heyət, əsgər və çavuşlar arasında yaranan problemlər, çəkişmələrlə əlaqələndirdi. Bunun səbəbini isə onların gənc və yeniyetmə olmalarında gördü: "Bilirsiniz, nəzərə almaq lazımdır ki, onlar hələ gəncdir. Və hamısı da ayrı-ayrı mühitdə tərbiyə almış oğlan uşaqlarıdır. Sözüz ki, mənəm-mənəmlik, hegemonluq həvəsi, bəlkə də nəyisə düzgün bölməmələri kimi hallar çəkişmələrə gətirib çıxarır. Bu cür xırda məqamları şişirdib "dedovşina" səviyyəsinə qaldırmaq lazım deyil". Ekspert "dedovşina"nın keçmiş Sovet ordusundan qalmış köhnə stereotip olduğunu, bunun isə o zaman müxtəlif dinlərə sitayiş edən millət nümayəndələrinin bir yerdə xidmət aparmasından irəli gələn hal olduğunu bildirdi. Həmçinin, keçmiş Sovet ordusunda bu halın baş verməsinin bir səbəbini 50-60-cı illərdə "zon"lardan dustaqların orduya cəlb olunması ilə izah etdi. Bu gün isə belə halların Milli Ordu sıralarında baş verməsi halları ilə rastlaşmadığını və bu cür fikirlərlə razılaşmadığını bildirdi. Yekunda M.Mehdiyev zabitlər tərəfindən bu istiqamətdə təbliğati işlərin gücləndirildiyini qeyd etdi.
Digər ekspert Yaşar Cəfərli qoyulmuş problemlə bağlı məsələyə tam fərqli mövqe sərgilədi. Xüsusən də Azərbaycan ordusunda "dedovşina" hallarının azalması fikrilə razılaşmadığını bildirdi. Əksinə, bu cür halların artdığını və hətta belə məqamların artması nəticəsində həyatına qəsd etmiş əsgərlərin istənilən qədər olduğunu vurğuladı. Hərbi ekspert fikirlərini əsaslandırmaq üçün, ən azından, "Doktrina" Jurnalist Təbii Araşdırmalar Mərkəzinin açıqladığı siyahıya və onların saytına daxil olmağımızı tövsiyə etdi: "Son bir il ərzində orduda baş vermiş hadisələrə nəzər salsanız görərsiniz ki, istənilən qədər itki və qurbanlar var. Xüsusən də baş vermiş ciddi insidentlərin əksəriyyəti həmin "dedovşina"nın ağır fəsadlarıdır. Əlbəttə, bu da ordu sıralarında nizamnamə qanunlarının kobud şəkildə pozulmasından irəli gəlir". Ekspert, bütün deyilənlərlə yanaşı, istər nazirlik, istər korpus, istərsə də hərbi hissələr daxilində bu istiqamətdə ciddi işlərin aparıldığını da qeyd etdi. Hətta yaranmış problemin hərbi prokurorluq, hərbi məhkəmə hüdudlarınadək qaldırıldığını bildirdi. Bu istiqamətdə məqsədyönlü işlərin aparılmasına baxmayaraq, hələ də "dedovşina" və bu kimi çatışmazlıqların mövcudluğunu vurğuladı.