Göyçayda qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə döndü
Göyçay rayonunda qəbiristanlıq yanıb. Fövqəladə Hallar nazirliyi Göyçay rayon dövlət yanğından mühafizə hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən saat 14:45 radələrində Hacalıkənd və Qarabaqqal kəndlərinin birgə qəbiristanlığında qeydə alınıb.
Bir saat ərzində qədim qəbiristanlığın 3 hektar ərazisi yanaraq külə dönüb. Hadisə zamanı köhnə məzarların taxtadan olan baş ağacları, qəbiristanlıqdakı şam ağacları, ot və kol-kos, habelə qəbiristanlığın kənarındakı koldan çəpər də yanıb. Əraziyə iki yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Alovun ətrafdakı həyətyanı sahələrə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.