Qulu Məhərrəmli: "Televiziyalar ictimai rəyə təsir etsə də, cəmiyyətə faydalı mesajlar
verə bilmir"
Rəşid Hacılı: "Belədə işin keyfiyyəti yüksələr, peşəkar çap mediası formalaşar"
.jpg)
Bazar iqtisadiyyatının dərin kök saldığı sivil ölkələrdə, xarakterindən asılı olmayaraq, bütün media vasitələrinin gəlir mənbəyinin əsasında reklam dayanır. Eyni zamanda, Qərbdə həmin reklam elektron və çap KİV-i arasında bərabər nisbətdə paylanır. Ona görə də, sivil dünyada jurnalistlərin maddi durumu da xeyli yaxşıdır.
Azərbaycanda isə bu sahə hələ də axsayır. Bizdə reklam bazarı inkişaf etmədiyindən, onun mediada işıqlandırılmasına da ciddi əhəmiyyət verilmir. Veriləndə də əsas diqqət çap KİV-nə deyil, televiziyalara ayrılır. Reklam bazarının inkişaf etməməsinin nəticəsidir ki, qəzetlərin maddi durumu da acınacaqlı olaraq qalır. Yalnız bəzi mətbuat orqanlarının fədakarlığı və dövlətin mediaya göstərdiyi qayğı sayəsində o ayaq üstə durmağı bacarıb. Hesablamalara görə, hazırda medianın illik reklam büdcəsi təxminən 40 milyon manat təşkil edir. Lakin bu qədər vəsaitdən yazılı medianın reklam gəlirləri heç 2 milyon manata çatmır. Son zamanlar çap mediasına qarşı yönələn bu ögey münasibət ölkə rəhbərliyi tərəfindən də müsbət qarşılanmır. Elə bu səbəbdəndir ki, ölkə prezidenti həmin sahədə vəziyyətin yaxşılaşması üçün müəyyən addımlar atılmasını vacib sayıb. İyulun 22-də İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirakı zamanı bununla bağlı olduqca maraqlı bir fikir səsləndirib: "Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı, hələ ki, o qədər də böyük deyil. Ancaq rəqəmlər, əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir".
Bu hal dövlətin mövcud disbalansı aradan qaldırmağa çalışdığını, ədalətli bölgü aparmaq niyyətini göstərir. Bu halda maraqlıdır, sözügedən 40 milyon reklam manatının yarısı qəzetlərə verilsə, bu hal onların durumuna necə təsir edəcək? Başqa bir tərəfdən, həmin vəsaitin 95 faizinə yiyələnən elektron KİV-lər bunun müqabilində onlara bəslənilən etimadı doğrulda bilibmi?
Məşhur telejurnalist Qulu Məhərrəmlinin fikrincə, sözügedən vəsaitin 50 faizinin qəzetlərə verilməsi, hər bir halda, onların durumuna müsbət çalarlar gətirəcək: "Həmin vəsaitin yarısı çap mediasına ayrılsa bu, təbii ki, qəzetlərin durumuna müsbət mənada təsir edəcək. Amma bu il 20 milyon olub, növbəti ildə 10 milyona düşəcəksə, sistem pozulacaq. Elə etmək lazımdır ki, davamlı və etibarlı reklam bazarı mövcud olsun və qəzetlər də ondan faydalansın. 10-12 il bundan qabaq yazılı mediada reklam bazarı təxminən 20 milyon manata yaxın idi. Prosesin inkişafı üçün birinci növbədə sərbəst bazar olmalıdır. Sərbəst bazar şəraiti qəzetlərə müstəqilliyini, o cümlədən də iqtisadi müstəqilliyini saxlamağa imkan verir. Bu gün mediaya çoxlu yardım göstərilir. KİV-ə Dəstək Fondu və prezidentin sərəncamlarında bunlar öz əksini tapıb. Amma bununla yanaşı, hesab edirəm ki, indiki şəraitdə qəzetlərə edilən bu yardımlar dibi deşik vedrəyə oxşayır. Həmin vedrəyə nə qədər su töksən də orada qalmayacaq. Məsələ birdəfəlik həll olunmalıdır. Bunun da ən yaxşı yolu sərbəst reklam bazarının formalaşmasıdır. İndi Azərbaycanda müstəqil qəzetlərin sayı getdikcə azalır. Bir çox qurum və faktorlardan onların asılılığı isə artıb. Ona görə də düşünürəm ki, həmin məqamdan birinci növbədə müstəqil qəzetlər faydalanmalıdır. Təbii ki, tənqidçi media bundan daha çox faydalanmalıdır. Lakin bizdə üzrlü səbəbdən tənqidçi mediaya reklam verən, demək olar ki, yoxdur.
Hesab edirəm ki, bu sahədə bir sistem yaradılmalıdır. Ən aşağısı bu rəqəm artırılmalıdır. Amma o da kiminsə göstərişilə artırıla bilməz. Sərbəst bazar və gerçək rəqabət mühiti gücləndikdə reklam bazarı da artacaq. Belə olmasa çətin olacaq. Baltikyanı ölkələrin bu məsələdə təcrübəsindən yararlana bilərik. Qəzet hansısa siyasi hakimiyyət və oliqarxdan asılı olmadığını və yalnız öz populyarlığı hesabına gəlir gətirdiyini hiss etsə, onun müstəqilliyi də artacaq. Yəni sözün həqiqi mənasında o, media fəlsəfəsinin tələb etdiyi missiyanı yerinə yetirməyə başlayacaq. Yoxsa indiki halda bizdə mətbuatı uçuruma aparan boz qəzetlərin sayı çoxalıb. Ona nə qədər pul verirsənsə ver, artıq o müstəqil media funksiyası rolunu oynaya bilməyəcək. Güc azad medianın inkişafına verilməlidir. Dövlətdən maliyyələşən media isə heç cür azad media sayıla bilməz". O bu qənaətdədir ki, reklamın əsas hissəsinə sahib olsa da, azad sözün inkişafına televiziyaların heç bir faydası yoxdur: "Yəni onlar özünü doğrultmayıb. Əksinə, elektron KİV-lər ictimai rəyə çox təsir etsə də, cəmiyyətə faydalı mesajlar verə bilmir. Onların bir çoxu oliqarxlardan pul alır, bəzilərinin maliyyələşmə mənbəyi bəlli deyil, xeyli şübhəlidir. Bunun müqabilində reklam bazarının böyük hissəsini sorur, amma cəmiyyətə heç nə vermirlər. Bu səbəbdən də düşünürəm ki, reklam bazarının tənzimlənməsilə əlaqədar müəyyən qayda olmalıdır. Türkiyədə 3 milyard avroluq reklam bazarının təxminən 2 milyardı yazılı medianın payına düşür. Belə vəziyyət həm yazılı medianın gücünü göstərir, həm də onun cəmiyyətə təsir əmsalını ifadə edir".
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da bildirdi ki, həmin vəsaitin yarısının çap mediasına verilməsi keyfiyyət və peşəkarlıq baxımından böyük irəliləyişlərə səbəb olacaq: "Bu statistikanın haradan götürüldüyü və dəqiqliyi bir qədər şübhəli görünür. Başqa bir tərəfdən, indiki halda 40 milyon manatın özü də Azərbaycan bazarı üçün cüzi rəqəmdir. Bu, əslində iqtisadiyyatın vəziyyətinin göstəricisi kimi də təqdim oluna bilər. Qəzetlər həmin vəsaitin yarısını ala bilsə, bu onların maliyyə imkanlarını xeyli möhkəmləndirəcək. Eyni zamanda, jurnalistlərin maddi durumuna da müsbət mənada təsir edəcək. Nəticədə də işin keyfiyyəti yüksələcək.
Son olaraq peşəkar çap mediasının formalaşdığını görəcəyik". Televiziyaların reklam büdcəsində payı çox olsa da, ekspert qeyd etdi ki, bunun müqabilində onların hazırladığı verilişlər xarakterinə görə ucuzdur: "Onların gəlirlə, yoxsa ziyanla işlədiyini də müəyyənləşdirə bilmirik. Amma hər halda, televiziya verilişlərinə çəkilən xərclər onu göstərir ki, onlar daha çox ucuz xarakterli verilişlərin ardınca qaçır. Bu, bəlkə də pul qıtlığı ilə bağlıdır. Onu bilirəm ki, bizim televiziyalarda konkret verilişlərə qoyulan pullar hətta Gürcüstanla müqayisədə, qat-qat aşağıdır".