Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacaq
"Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmağı planlaşdırmır". APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Dikusarov deyib.
O bildirib ki, prezidentin və hökumətin gündəmində belə məsələ yoxdur. Diplomat xatırladıb ki, "Daxili və xarici siyasətin əsasları" haqqında qanuna əsasən, Ukrayna bloklara qoşulmayan ölkə statusuna malikdir: "Bu o deməkdir ki, Ukrayna hərbi-siyasi təşkilatlarda iştirak etmir. Biz Ukrayna qanunvericiliyinə riayət edəcəyik".
Qeyd edək ki, Kiyevdə keçirilən "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı: Ukrayna üçün yeni kollektiv təhlükəsizlik formatı" adlı beynəlxalq konfransda hakimiyyətdəki Regionlar Partiyasının deputatı, keçmiş müdafiə naziri Aleksandr Kuzmuk ölkəsinin bu qurumla siyasi əməkdaşlıq etməsi və blokun hava hücumundan müdafiə sisteminə qoşulması təklifini irəli sürüb.