.jpg)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə maraqlı təkiflə çıxış edib. "Cihan" agentliyinin məlumatına görə, Davudoğlu Livanı Qəzzaya yardım gəmisi göndərmək fikrindən daşındırmağa çalışıb.
"Yedioth Ahronoth" qəzeti İsrail rəsmilərinə istinadla yazır ki, Qəzzaya tətbiq edilən embarqonun yumşalmasından sonra Ankara bu əraziyə gəmi göndərilməsini gərəksiz sayır və İsraillə də münasibətləri normallaşdırmaq istəyir.
Nazir Davudoğlu ötən həftə Suriyanın paytaxtında olub və Livanın baş naziri Səid Həriri və "Həmas" lideri Xalid Məşəllə görüşüb. İsrail rəsmilərinin verdiyi bilgiyə görə, Davudoğlu Livandan Qəzzaya hərəkət etməyə hazırlaşan gəmilərin bölgəyə girişinə icazə verilməməsini xahiş edib. Bu addım israilli diplomatlar üçün də sürpriz olub. İsrail rəsmiləri güman edir ki, Davudoğlunun bu xahişi Türkiyənin xarici siyasət kursunun dəyişməsini göstərir: "Rəsmi Ankara ABŞ və Avropa ilə münasibətləri korladığının fərqindədir".
Xəbərə görə, İsraillə münasibətləri normallaşdırmaq istəyən Türkiyə rəsmiləri bağlı qapılar arxasında türk gəmilərinin Qəzzaya tətbiq olunan embarqonu yumşaltdığını bildirir və yeni gəmi göndərməyin gərəksiz olduğunu deyir. Ankara, həmçinin, ABŞ və Avropaya İsraillə münasibətləri normallaşdırmaq istəyini də bildirir.