Kosovonun müstəqillik
qərarı ətrafında beynəlxalq
mübahisə yenidən qızışdı
192 dövlətdən yalnız 69-u...
.jpg)
Bu günlərdə Haaqa Məhkəməsi Kosovonun 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etməsinə bəraət qazandırıb. Bu vəziyyətin digər münaqişə ocaqlarına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə hansı təsirlər göstərəcəyi isə siyasi dairələrdə hələ də müzakirə mövzusudur.
Məsələ Qərb mediasının da diqqətindən yayınmış deyil. Baş verənlərin isə daha çox mənfi presedent yaradacağı, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan üçün xoşagəlməz halların yaşana biləcəyinə gətirib çıxaracağı vurğulanır.
ABŞ-ın aparıcı media orqanlarından sayılan "New York Times" qəzetinin yazdığına görə, hüquqşünaslar hesab edir ki, Haaqa Məhkəməsi Kosovonun müstəqilliyini qanuni elan etsə də, onun beynəlxalq hüquqa əsasən qanuni dövlət olduğunu açıq bildirməyib. Bu isə münaqişə tərəflərinin hər birinə qərarda qalib kimi əks olunduqlarını yozmaq imkanı verir.
Siyasi analitiklər tövsiyə mahiyyəti daşıyan "10:4" nisbətindəki qərarın başqa ölkələrdə separatçı hərəkatlara təkan verə biləcəyini proqnozlaşdırır. BMT Baş Assambleyasında təmsil olunan 192 dövlətdən yalnız 69-u, o cümlədən ABŞ və Avropa İttifaqı Kosovonun müstəqilliyini tanıyıb. London İqtisadiyyat məktəbinin Balkanlar üzrə eksperti Ceyms Ker-Lindsi deyir ki, məhkəmə qərar verərkən milli müqəddaratını təyin etmə hüququ ilə dövlətin ərazi bütövlüyü anlayışlarını balanslaşdırmağa çalışıb, lakin sonda bu məsələlərdən tamamilə kənar durub. Lindsinin sözlərinə görə, reallıqda Kosovonun müstəqilliyini məhkəmə qərarı deyil, onu tanıyan dövlətlərin sayı müəyyənləşdirəcək. "New York Times" daha sonra yazır ki, Kosovonun müstəqillik bəyannaməsinə legitimliyin verilməsi Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestyanı kimi müxtəlif yerlərdə separatçı hərəkatlar tərəfindən presedent kimi istifadə oluna bilər. Lakin hüquqşünaslar həmçinin vurğulayır ki, məhkəmənin hər vəchlə Kosovonun hüquqi statusuna toxunmaqdan yayınması başqa yerlərdə millətçi-separatçı hərəkatların şirnikləndirilməməsinə hesablanmış addım olub.
Lakin ermənilər Dağlıq Qarabağdakı separatçı rejimin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində artıq ciddi fəaliyyətə başlayıb. Bununla belə, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarının məsələ ilə bağlı mövqeləri onları məyus edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon bildirib ki, beynəlxalq məhkəmənin Kosovo haqqında qərarı digər bölgələr və ya dövlətlər üçün presedent ola bilməz.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib ki, münaqişələr fərqlidirsə, yanaşmalar da fərqli olmalıdır: "Hesab edirik ki, beynəlxalq məhkəmə tərəfindən verilən rəy yalnız Kosovo məsələsinə aiddir. Dünyada olan konfliktlər özəlliyilə fərqlənir və onların həllinə dair hansısa bir yeganə müvafiq həll yoxdur. Verilən qərarın Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir təsirini biz görmürük və münaqişə öz formatında həll olunmaqdadır".
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə beynəlxalq mandatı olan Minsk Qrupu məşğuldur, yəni danışıqlar bu çərçivədə gedir.
Haaqa Məhkəməsinin qərarının qlobal təsirlərindən bəhs edən "Washington Post" qəzeti isə Serbiya və Kosovonun artıq dünyanın müxtəlif ölkələrində öz mövqelərinə dəstək qazanmaq üçün lobbiçiliyə başladığını bildirir: "Serbiya ümid edir ki, Kosovonun müstəqilliyinə qarşı sərt çıxış edən Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasına üzvlüyü bu dövlətin BMT-yə daxil olmasının qarşısını almaqda yardımçı ola bilər. Belə ki, rəsmi Pekin və Moskva şurada veto gücünə malikdir. Sentyabrda BMT Baş Assambleyasının yığıncağında Kosovonun müstəqilliyinin tanınması ilə bağlı təzyiqlərin artacağı gözlənir. ABŞ və Böyük Britaniya başda olmaqla, Qərb öz müttəfiqlərinin bu dövləti tanımasını istəyir. O biri tərəfdən, Kosovonun müstəqilliyini tanımayan dövlətlərin bir çoxu özlərinin separatçı hərəkatları ilə üzləşir. Avropa İttifaqı üzvləri sırasında İspaniya, Yunanıstan, Slovakiya, Kipr və Rumıniya separatçı hərəkatlarla üzləşir. İspaniyanın xarici işlər naziri Angel Moratinos qərara hörmətlə yanaşdığını bildirib, lakin o, Madridin Kosovonu tanıyıb-tanımayacağını açıqlamayıb. Yunanıstan və Slovakiya isə mövqelərini dəyişməcəklərini elan edib. Yunan Kiprinin rəhbərliyi bir qədər də uzağa gedərək Serbiyanı tam dəstəklədiyini bəyan edib".
Qeyd edək ki, artıq Serbiya parlamentinin deputatları payızda BMT Baş Assambleyasının gündəliyinə təqdim edilməsi nəzərdə tutulan qətnaməni müzakirə edərək qəbul edib. "İnterfaks" agentliyi məlumat verir ki, qətnamədə Kosovo ilə yeni danışıqlara başlanması nəzərdə tutulur.
Səsvermə zamanı təklifi 192 deputat dəstəkləyib, 26 deputat isə əleyhinə səs verib. Sənəddə deyilir ki, parlament hökumətə bu qətnamənin BMT Baş Assambleyasına çıxarılmasını təmin etmək üçün bütün diplomatik qərarları qəbul etmək səlahiyyəti verir. Bununla belə, qəbul olunan sənəddə deputatlar bir daha qeyd edib ki, Serbiya Kosovonun müstəqilliyini tanımaq fikrində deyil.
Xatırladaq ki, Haaqa məhkəməsi Serbiyanın qaldırdığı iddia əsasında Kosovonun müstəqilliyini birtərəfli qaydada elan etməsinin nə dərəcədə qanuni olduğunu araşdırıb. Məhkəmə qərarına görə, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd deyil.