Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
Gəncə şəhərində qətl hadisəsi baş verib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iyulun 25-də Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Cəfərova Aysel Fəxrəddin qızının, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cəfərov Ramil Əli oğlu tərəfindən Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında öldürülməsi barədə Gəncə Şəhər Polis İdarəsindən şəhər prokurorluğuna məlumat daxil olub. Məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto və video çəkilişlər aparılmaqla baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı R.Cəfərov iyulun 25-də saat 16.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında arvadını qəsdən öldürmək məqsədilə sol əli ilə boğaraq həyatdan məhrum edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, A.Cəfərovanın ölümü səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Cinayəti törətməkdə şübhəli bilinən R.Cəfərov saxlanıb və dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda iş üzrə istintaq Şəhər Prokurorluğunda davam etdirilir.