"Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Dəmir Bank" ASC-nin Gəncə filialının keçmiş rəhbərinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın xəbərinə görə, hakim Ələkbər Quliyevin sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, 1969-cu il təvəllüdlü Fərid Ramiz oğlu Quliyev filial rəhbəri olduğu zaman Azərbaycan Beynəlxalq Bankının ayırdığı 400 min ABŞ dollar depozitin 357 min dollarını bankın kassasından oğurlamaqla dələduzluq etməkdə təqsirləndirir. Cinayət işi başlanandan sonra o gizlənib və barəsində beynəlxalq axtarış elan olunub. Sonradan məlum olub ki, o, Rusiyada mühakimə olunub. Bu ilin əvvəlində isə F.Quliyev Azərbaycana təhvil verilib.
F.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsilə təqsirli bilinir. Məhkəmədə ifadə verən F.Quliyev isə ifadəsində özünü qismən təqsirli bilib. Proses avqustun 2-də davam etdiriləcək.