Abituriyentlərin ixtisas seçimində problem yaranıb
"Abituriyent" jurnalındakı kodlar elektron ərizəyə uyğun gəlmir
Azərbaycanın ali təhsil məktəblərinə qəbul imtahanları başa çatsa da, bəzi məzunların ixtisas seçimində problem yaranıb.
Bu səbəbdən dünən 60-a yaxın abituriyent və valideyn Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qarşısına toplaşıb. Şikayətçilərin sözlərinə görə, abituriyentlər onlara verilən ixtisas kodu ilə TQDK-nın rəsmi saytında ixtisas seçimi edə bilmir. Belə ki, "Abituriyentin elektron ərizəsi"nə "Abituriyent" jurnalındakı ixtisas kodlarını daxil etsələr də, onlara kodların düzgün olmadığı barədə xəbərdarlıq edilir. "Bu gün(dünən-red.) səhərdən TQDK-nın qabağında dayanmışıq. Nə qədər edirik, bizi içəri buraxmırlar. Oğlum bütün kodları "Abuturiyent" jurnalından götürsə də, internetdə bütün kodların səhv olduğu göstərilir. Komissiyanın qabağında da böyük növbə var. Bilmirik nə edək" - deyə TQDK-ya şikayətə gələn Qurban Babayev bildirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS PRESS-ə açıqlamasında problemin texniki səhv olduğunu bildirib. Saat 16:00-a qədər problemin həll olunacağını qeyd edən Elnur Nağızadə itirilmiş vaxtın hesablanmayacağını vurğulayıb. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidir.