Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
Kürəkən arvadını, qayınatasını və qayınanasını qətlə yetirdi, qaynını ölümcül yaraladı
Abşeron rayonunda qətl hadisəsi baş verib. Bu barədə Lent.az-a rayon prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilib ki, 25 iyul 2010-cu il tarixdə saat 02:45 radələrində 1982-ci il təvəllüdlü Zəngilan rayon sakini Qələndərov Nicat Rizvan oğlu ailə münaqişəsi zəmində Digah qəsəbəsində yaşayan qayınatasının evinə gələrək, orada aralarında olan mübahisə zamanı arvadı, 1987-ci il təvvəllüdlü Dadaşova Şəlalə Teyyub qızını, qayınatası, 1960-cı il təvəllüdlü Dadaşov Teyyub Rəfail oğlunu, qaynanası, 1962-ci il təvəllüdlü Dadaşova Zemfira Məmmədkərim qızını üzərində olan bıçaqla bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra o, qaynı, 1989-cu il təvəllüdlü Dadaşov Hüseyn Teyyub oğlunun sinəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirib. H.Dadaşov qonşuları tərəfindən Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. N.Qələndərov həmin gün tutularaq istintaqa təhvil verilib.
Srağagün Abşeron Rayon Polis Şöbəsinin rəis müavini Famil Kərimovun verdiyi məlumata görə, N.Qələndərov qətli törədəndən sonra hadisə yerindən qaçsa da, onu saxlamaq mümkün olub. Rəis müavini qətlin ailə münaqişəsi zəminində, yaşayış yeri üstündə baş verdiyini bildirib.
Gənc ailə arasında bu məsələ üstündə bir ilə yaxın müddətdə anaşılmazlıq olub. Belə ki, Nicat Qələndərov həyat yoldaşı Şəlalə Dadaşovaya Pirşağı qəsəbəsində ata evində yaşamağı təklif edib. Şəlalə Dadaşovanın ailəsi isə qızlarının onlarla qalmasını istəyib. Nəticədə gecə saatlarında qanlı hadisə baş verib. Artıq faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7 maddəsilə cinayət işi açılıb.