Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
.jpg)
Dünən Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə blogger Adnan Hacızadənin cəza müddətinin yarısını çəkməsilə əlaqədar həbsdən vaxtından əvvəl azad edilməsi haqqında müraciətinə baxılıb.
Prosesdə Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndələri - tərbiyəvi işlər üzrə rəis müavini Natiq Hacıyev və nəzarətçi Əli Nəbiyev çıxış edib.
Onlar Hacızadənin vaxtından əvvəl azad edilməsinin əleyhinə çıxış edib və öz mövqelərini onun "ziddiyyətli xarakteri" ilə izah edib.
Bundan başqa, nəzarətçilər Hacızadənin "əməlindən peşman olmadığından", habelə cəzaçəkmə müəssisəsinin abadlaşdırılması işində iştirak etməməsindən gileyləniblər.
Buna cavab olaraq, Hacızadə nümunəvi məhbus olduğunu və nizam-intizam cəzaları almadığını bəyan edib. Vəkil İsaxan Aşurov da nəzarətçilərin dəlillərini cəfəng adlandırıb və hakimi Hacızadəni vaxtından əvvəl azad etməyə çağırıb. Sonra o, hakimdən söz istəyib. Lakin hakim belə bir imkan yaratmaqdan imtina edib və vaxtından əvvəl azad edilmə xahişini rədd etmək qərarı qəbul edib. Vəkil Aşurov məhkəmənin qərarını mənfi qiymətləndirərək qeyd edib ki, hakim şikayətə baxılmasına formal yanaşıb və proses, faktiki olaraq, Penitensiar Xidmətin rəyinin "notarial təsdiqi"nə çevrilib. Məhkəmənin qərarından Apellyasiya şikayəti veriləcək.