.jpg)
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türk Dünyası Yazıçılar və Sənətçilər Qurumu (TÜRKSAV) tərəfindən "Türk dünyasına xidmət" mükafatı ilə təltif olunub.
Türkiyə səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatın təqdimetmə mərasimi Quzey Kıbrıs Türk Cumhuriyyətinin Lefkoşa şəhərində keçirilib.
TÜRKSAV başqanı Yahya Akeng bildirib ki, 2008-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən Azərbaycan və Türkiyə mediaları konfransında H.Kılıç Türk Dilində Danışan Ölkələrin Jurnalist İttifaqının qurulması təklifilə çıxış edib və bu təklif jurnalistlər tərəfindən məmnuniyyətlə qəbul olunub: "Bu istiqamətdə ilk konkret addım 2009-cu ilin dekabr ayında azərbaycanlı və türkiyəli jurnalistlərinin Quzey Kıbrıs Türk Cumhuriyyətinə səfəri sırasında imzalanan sazişlə atılıb. 2009-cu ilin may ayında Bakıda keçirilən 29 türk bölgəsi topluluğundan 50 türk soylu gəncin iştirak etdiyi Dünya Türk Gənclik Birliyi liderlərinin 8-ci iclasında səfir Hulusi Kılıç hər il mayın 3-cü həftəsinin Türk Dünyasında Gənclik Həftəsi olaraq keçirilməsini təklif edib və bu təklif də səs çoxluğu ilə qəbul olunub".
Təqdimetmə mərasimində professor Cəmil Həsənli, Qazaxıstanın milli təhsil və elm naziri Janseyit Tüymebayev, Quzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Dərviş Əroğlu, Bosniya və Herseqovinadan professor Fehim Nanotak da mükafata layiq görülüb.