Dini Komitə Bakıda dini liderlərin ümumdünya sammitini müzakirə etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda bu ilin aprel ayının 26-27-də Bakıda təşkil olunmuş dini liderlərin ümumdünya sammitinin nəticələrinin təbliği məsələləri nəzərdən keçirilib, iyun ayının 18-19-da Londonda baş tutmuş "Dinlərarası dialoq: Azərbaycan və konfliktlərin həlli" mövzusunda konfransın yekunları haqqında ümumi məlumatlar dinlənib. Bundan başqa, dekabrın 1-2-də "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda Bakıda keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub. Məşvərət Şurasının sədri Hidayət Orucov çıxış edərək, ölkədə yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirib. Komitə sədri bu il dekabr ayının əvvəllərində Bakıda keçirilməsi nəzərdə tutulmuş konfransa hazırlıqla əlaqədar bildirib ki, tədbirə bir çox xarici ölkələrin dövlət qurumlarında dini məsələlərlə məşğul olan rəhbər işçilər, ənənəvi dinlərin liderləri, tanınmış ilahiyyatçılar və politoloqlar dəvət olunub.
İclasda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein nəzərdə tutulan bu konfransın dövlət-din münasibətlərinin tarixi inkişaf yoluna çağdaş kriteriyalarla yanaşma baxımından aktual olduğunu deyib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete və Məşvərət Şurasının digər üzvləri konfransın daha yüksək səviyyədə keçirilməsi üçün müxtəlif təkliflər irəli sürüb.