Azər Sarıyev: "Rəsmi olaraq namizəd irəli sürülməsinə seçkilərə 60 gün qalmış başlanmalıdır"
.jpg)
Azərbaycan növbəti parlament seçkiləri ərəfəsindədir. İndi siyasi, ictimai qurumların və bəzi fərdlərin diqqəti əsasən bu məsələyə yönəlib. Bunun nəticəsidir ki, partiyalar indidən namizəd olacaq şəxslərin siyahısını hazırlamağa girişib. Düzdür, hələlik rəsmən prosesə start verilməyib.
Bu səbəbdən də seçkilərdə iştirak etmək niyyətində olan fərdlər və təşkilatlar hələlik yalnız namizədlərini müəyyənləşdirməklə məşğuldur. Seçkilərin hansı gün keçiriləcəyilə bağlı son qərarı prezident verəcək. Hələlik, ortada belə bir qərar yoxdur. Bununla belə, onun noyabrın 7-də keçiriləcəyi gözlənir. Bu səbəbdən də hələlik deputatlığa namizədlərin rəsmən irəli sürülməsi kampaniyasına başlanılmayıb. Bu prosesin nə vaxt başlayacağını dəqiqləşdirmək üçün Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətilə əlaqə saxladıq. Xidmətin rəhbəri Azər Sarıyev dedi ki, seçkilərə keçirilmə müddətinə ən geci 60 gün qalmış start verilməlidir: "Konstitusiyanın tələbinə görə, Milli Məclisin səlahiyyət müddəti başa çatan gün-noyabr ayının ilk bazar günü parlamentə növbəti seçkilər keçirilməlidir. Builki təqvimlə həmin vaxt noyabrın 7-nə düşür. Ona görə də namizədlərin rəsmi olaraq irəli sürülməsi kampaniyasına, qanunun tələbinə görə, seçkilərə ən geci 60 gün qalmış başlanmalıdır. Qanunun tələblərinə görə, seçkilərin vaxtını prezident təyin edir. Ona görə də məsələ ilə bağlı prezidentin sərəncamını gözləyirik. Onun sərəncamından sonra Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsilə bağlı təlim planını təsdiq edəcək. Seçkilərə start veriləndən sonra namizəd irəli sürməklə bağlı Dairə Seçki Komissiyalarına müraciət etmək olar. Start verilməzdən öncə müraciət olunması isə qanunun tələblərinə ziddir. DSK-lar belə hallarla rastlaşsa, təbii ki, onların namizədliyini qeydə almayacaq". MSK nümayəndəsinin bu açıqlamasından belə başa düşmək olar ki, namizədlərin irəli sürülməsi kampaniyasına, rəsmi olaraq, təxminən sentyabrın 7-də start veriləcək.