Bakıda yay mövsümü başlayandan 20 nəfər dənizdə batıb
Tək Sumqayıtda bir gündə üç nəfər bu aqibəti yaşayıb
Builki yay mövsümündə Bakıda 20 nəfər dənizdə batıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkim müavini Rauf Nağıyev bildirib.
Onun sözlərinə görə, çimərlik mövsümü başlayandan bu günədək paytaxt çimərliklərində 45 suda boğulma faktı qeydə alınıb ki, nəticədə 20 nəfər həyatını itirib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. R.Nağıyev, həmçinin, builki yay mövsümündə 95 nəfərin günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət etdiyini, onlardan 30 nəfərinin xəstəxanalara yerləşdirildiyini qeyd edib.
R.Nağıyev Bakıda bu yay 17 nəfəri ilan vurduğunu, onların hamısının xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Sumqayıtda bir gündə üç nəfər dənizdə batıb. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 26 yaşlı Adil Hüseynov, Yardımlı rayon sakini, 21 yaşlı Zaur Cabbarov və Qubadlı rayon sakini, 30 yaşlı Mərahim Hacıyev Xəzər dənizinin Sumqayıt şəhəri ərazisində çimərkən boğularaq ölüb.
Onlardan ikisinin meyiti sudan çıxarılıb. Lakin M.Hacıyevin cəsədinin axtarışları davam etdirilir.
Xəbər xidməti