.jpg)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın başlayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Hadisə dünən saat 11.30 radələrində zavodun ərazisində yerləşən yanacaqla dolu çənlərin birində baş verib. Baş vermiş yanğınla əlaqədar 4 nömrəli çağırış elan edilib və əraziyə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.
APA-ya ARDNŞ-dən bildirilib ki, iyulun 26-da saat 11:05 radələrində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun çənlər parkındakı 140 saylı çəndə yanğın baş verib. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri təcili olaraq hadisə yerinə cəlb edilib: "Dərhal qərargah yaradılıb və yanğının söndürülməsinə başlanıb. Yanğınsöndürənlərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saat 12:50 radələrində yanğın söndürülüb və heç bir tələfat qeydə alınmayıb".
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı rəsmi məlumat yayıb. APA-nın nazirliyin rəsmi internet saytına istinadən xəbərinə görə, dünən saat 11:06-da Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 7 nömrəli sexində içərisində 1000 kub metr benzin olan rezervuarda yanğın baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumların 40-a qədər texnikası və 250 nəfər şəxsi heyəti hadisə yerinə cəlb olunub. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Yaxınlıqdakı digər rezervuarlar və zavodun istehsal sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbi araşdırılır.