İmişlinin Allahmədədli sakinləri Kürdəmirə köçürülmələri ilə heç cür barışmaq istəmir
Kəndin 50-yə yaxın sakini Prezident Administrasiyasında, Nazirlər Kabinetində və FHN-də olub
.jpg)
Dünən daşqından əziyyət çəkən İmişli rayonunun Allahmədədli kəndinin 50 nəfərə yaxın sakini Prezident Administrasiyasının qarşısına toplaşıb. ANS PRESS-in məlumatına görə, şikayətə gələn sakinlər Administrasiyada hansısa rəsmi şəxsin onları qəbul edərək dinləməsini istəyib.
"Biz Allahmədədli kənd sakinləri Kür çayının daşmasından sonra evlərimizdən didərgin düşdük. Kəndimiz 72 təsərrüfatdan, 55 evdən ibarətdir. O yağışlı günlərdə özümüz qurduğumuz çadırların altında yatırdıq. Amma indi qayıtmışıq evlərimizə. Kənddəki evlərdən cəmi 17-si uçub. Ölkəmizdə qaçqın və köçkünün çox olduğu bir zamanda biz heç hökumətimizin əziyyət çəkib yeni evlər tikməsini istəmirik. Tələbimiz odur ki, uçan 17 ev bərpa olunsun. Ancaq bu gün bizi kənddən çıxarmaq istəyirlər. Əvəzində 4 kilometr aralıda, Kürdəmir rayonu ərazisində yeni qəsəbə salırlar", deyə şikayətçi İlham Çərkəzov ANS PRESS-ə bildirib.
Kənd sakinlərinin sözlərinə görə, yeni qəsəbədə hər ailəyə 6 sot torpaq veriləcək ki, bununla da onlar razı deyil: "Orada yeni mənzillə birgə bizə 6 sot torpaq verirlər. Biz quşçuluqla, heyvandarlıqla məşğul olan insanlarıq. Altı sot torpaqda heyvan saxlamaq olar? Yeni salınacaq qəsəbə başqa bir kəndin qəbiristanlığına bitişikdir. Belə yerdə yaşamaq olmaz axı. Oranın torpağı heç zaman qurumur. Bu dəqiqə gedin baxın, bir metr dərinliyində torpaq palçığın içindədir. Digər tərəfdən, biz qəbiristanlığa qarovul çəkəniksə, elə öz kəndimizin qəbiristanlığına qarovulçuluq edərik. Yaşlı insanlarımız var, bu gün bura gələ bilmədilər. Onlar bilsələr ki, bizi kənddən çıxarmaq istəyirlər, inanın, ürəkləri dayanar. Kənddə elə qəbir var 300 yaşı var".
Məlumat üçün deyək ki, İmişli rayonunun Allahmədədli kəndinin 400 nəfərə yaxın sakini var. Kənd sakinləri bu il mayın 18-də saat 18.00-da kənddən çıxarılıb. Həmin gün bütün evləri, demək olar ki, sel suları basıb. Ancaq kənd sakinləri deyir ki, nə həmin vaxtda, nə də sel təhlükəsi sovuşandan sonra onlara yerli icra orqanları tərəfindən hər hansı köməklik edilib. Kənddə bir iş də görülməyib.
Məlum olduğu kimi, prezidentin sərəncamı ilə sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün büdcədən 300 milyon vəsait ayrılıb. Lakin Allahmədədli kənd sakinlərinə hələ də heç kim yardım etməyib. Sakinlər deyir ki, yalnız bir dəfə ərzaq alıblar ki, onunla da ən uzağı bir gün yaşamaq mümkün olub.
Allahmədədli camaatı onu da deyir ki, yeni qəsəbə ilə onların kəndi arasında 4 kilometr məsafə var. "Bizi doğrudan da sel təhlükəsinə görə köçürürlərsə, 4 kilometr aralıda yeni qəsəbə niyə salırlar? Guya sabah sel gəlsə, o qəsəbəni basmayacaq? Bunların məqsədini anlaya bilmirik".
Ancaq kənd sakinlərinin razı qaldığı qurum da var. Məsələn, "Azərkörpü" ASC. Sakinlər deyir ki, bu qurum kəndin yaxınlığında çox möhkəm bənd qurub və indi Allahmədədli üçün heç bir təhlükə qalmayıb. Ona görə də sakinlər kəndlərindən çıxmaq istəmir.
"Biz hörmətli prezidentimizdən çox razıyıq. Amma təəssüflər olsun ki, onun tapşırıqlarını digər məmurlar, o cümlədən yerlərdəki rəsmi qurumların rəhbərləri yerinə yetirmir". Bunu da İlham Çərkəzov deyir.
Ssakinlərdən 5 nəfəri Prezident Administrasiyasının qəbul otağına çağırılıb. Şikayətçiləri Prezident Administrasiyasının bölgə üzrə kuratoru Dəyanət Abdullayev qəbul edib və onların şikayətlərini dinlədikdən sonra sakinlər Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabinetində sakinləri baş nazirin müavini Abid Şərifov qəbul edib. Onların şikayətləri dinlənib və ərizələri alınıb.
Sonra şikayəçilərdən üç nəfər seçilib və onlar Fövqəladə Hallar Nazirliyinə aparılıb. Nazirlikdə şikayətçiləri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev qəbul edib. Sakinlərə bildirilib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılacaq. Problem İmişli rayon İcra Hakimiyyəti ilə birlikdə yoluna qoyulacaq və məsələ həll olunarkən kənd sakinlərinin istəyi nəzərə alınacaq.