.jpg)
Məzənnəsində tez-tez yaşanan dəyişikliyə rəğmən, dünyanın hələ də ən aparıcı valyutalarından hesab edilən dolların mövqeyinin laxladılması üçün İran və Venesuela artıq qəti hərəkət etmək qərarına gəlib.
Xatırladaq ki, bu iki dövlət uzun müddətdən bəridir dolların dünyada hökmran mövqeyinə son qoymağa çalışır. Bu dəfə isə həmin dövlətləri öz niyyətlərinə daha da yaxınlaşdıran məqam Çin və Rusiyanın onlara, belə demək mümkünsə, yardımçı olmasıdır.
Artıq məlum olub ki, Çin və İran iki ölkə arasında neft tədarükü hesablaşmalarında yuan valyutasından istifadə edilməsilə bağlı danışıqlar aparır. "Bloomberg" agentliyinin məlumatına görə, hər iki ölkə bununla da Qərbin onlara qarşı yönəltdiyi sanksiyalara müqavimət göstərmək niyyətindədir. Artıq bununla bağlı İran İslam Respublikası Çində özünün bank filialını açır. Məhz bu bank vasitəsilə İran Çinə ötürdüyü neftin qarşılığını, yanacaq və avadanlıq alacaq, bir sıra digər müştərək layihələri maliyyələşdirəcək. İranla yanaşı, Venesuela da neftin dollarla deyil, başqa valyutalarla satılmasını təklif edib. Elə indi də Venesuela bəyan edir ki, dolların dünya bazarında başqa dönərli valyutalara nisbətən dəyərində tez-tez yaşanan dəyişiklik bu məsələni xeyli aktuallaşdırıb. İndi gözlənir ki, İran və Venesuelaya bir sıra Ərəb körfəzi ölkələri də qoşulsun. Çünki bəzi ərəb dövlətləri də dollara qarşı çıxır. Xatırladaq ki, hələ ötən il Ərəb körfəzi ölkələri, eləcə də Rusiya, Çin, Yaponiya və Fransanın ABŞ-ın dünyadakı hökmran maliyyə mövqeyinə zərbə vurmaq üçün geniş planlar hazırladığı məlum olmuşdu. O vaxt bəlli olmuşdu ki, adıçəkilən ölkələr neftin dollarla alqı-satqısından imtina etmək üçün plan hazırlayır. Hətta bu ölkələrin maliyyə nazirləri və əsas bank rəhbərləri arasında görüşlər keçirildiyi məlum olmuşdu. O da aydın olmuşdu ki, bu görüşdə neftin qiymətinin Yaponiya ienası, Çin yuanı, qızıl və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər üçün vahid valyutanın daxil olacağı valyuta səbətinə bağlanması barədə məsələ müzakirə edilib.
İndi isə artıq bu planın işə salınması üçün konkret hərəkətə keçilməsi istisna olunmur. Maraqlıdır ki, belə bir vaxtda Çin yuanın dünya iqtisadiyyatındakı rolunu artırmaq üçün yenidən müxtəlif ölkələrlə, o cümlədən İranla təmaslarını artırmağa başlayıb. Lakin əksər iqtisadçıların proqnozlarına görə, dünya hesablaşma sisteminin 75 faizini əlində saxlayan Amerika valyutasını yaxın illərdə sıradan çıxarmaq mümkün olmayacaq. Hələlik isə vəziyyətdən istifadə edən Çin yuanın dünya iqtisadiyyatındakı rolunu artırmaq üçün daxili bazarında dolları sıxışdırmağa başlayıb. Analoji siyasət İran tərəfindən də həyata keçirilir.
Xatırladaq ki, bundan əvvəl də İran rəhbərliyi, rəsmi Vaşinqton tərəfindən nüvə proqramına dair təzyiqlərin gücləndirilməsinə cavab olaraq, dəfələrlə dollardan imtina hədəsilə çıxış edib. Buna müvafiq olaraq, hələ iki il öncə Amerika bankları ilə İranın ən iri "Saderat" bankı arasında pul dövriyyəsi dayandırılıb. Lakin ekspertlər hesab edir ki, İranın dollardan imtinası dünya iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxarmayacaq.
Digər tərəfdən, Moskva da boş dayanmaq istəmir. Belə ki, Rusiya Çin yuanının yox, öz rublunun dünya iqtisadiyyatındakı rolunu artırmağa çalışır. Bunun üçün isə Rusiya da neftin hansı valyuta ilə satılması üzərində planlar qurur. Lakin ekspertlər bildirir ki, yaxın perspektivdə bu məsələ ətrafında hər hansı dəyişikliyin olmasını gözləmək lazım deyil. Çünki dollara qarşı bir sıra dövlətlərin, o cümlədən İran, Venesuela, Çin və Rusiyanın mövqeyi iqtisadi deyil, daha çox siyasi xarakter daşıyır. Bu dövlətlərdən üçünün əsas "silahı" olan neftin isə başqa valyutaya satılması mexanizmi yoxdur və belə bir sistem işlənməyib. İkincisi, neft istehsal edən ölkələr üçün neftin dollara satılması daha sərfəlidir. Çünki indi, praktiki olaraq, beynəlxalq bazarda dollara alternativ valyuta yoxdur. Avronun işləmə dairəsi Avropanın hüdudlarını aşsa da, heç də qlobal xarakter daşımır. Bundan başqa, bu gün dünyadakı ehtiyatların 60 faizi dollarla saxlanır. Buna görə də, strateji məhsulların dollara satılması labüddür. Heç yaxın illərdə də neftin başqa valyutaya satılması mümkün olmayacaq. Yuxarıda qeyd olunduğu kimi, İran hökuməti 2 ilə yaxındır, neftin avroya satılmasından danışır, amma bu istiqamətdə yalnız məhdud miqyasda işlər görə bilir və əsas neft satışını məhz dollarla həyata keçirir. Çünki digər neft ölkələri kimi, İran da hələlik başqa valyuta ilə satışın risqli olduğunu başa düşür.
Bununla yanaşı, regional və beynəlxalq layihələrin qiymətləndirilməsi də ABŞ valyutası ilə aparılır. Lakin istənilən halda, ekspertlər hesab edir ki, qlobal maliyyə böhranının əsas səbəbkarlarından olan dollar gec-tez vahid valyuta statusundan uzaqlaşacaq. Bu zaman Birləşmiş Ştatlar və iri dövlətlərin istəyi isə az rol oynamayacaq.