.JPG)
Bilgəh-Sumqayıt yolunun çəkilişilə bağlı əraziləri yol altına düşən bir qrup Nardaran qəsəbə sakini dünən aksiya keçirib. Uzunluğu 39 km. olan bu yolun çəkilişinə 2010-cu ilin yanvarından başlanıb. Bu, Abşeron kəndlərini bir-birilə, eləcə də Sumqayıt ilə birləşdirən qısa yoldur. Bundan əlavə, bu yol paytaxt yollarında "tıxac"ları aradan qaldırmaq üçün vasitədir.
Aksiyanın təşkilatçısı "Azərbaycan İnsan haqları və Azadlıqlarını Müdafiə" İctimai Birliyinin sədri Rasim Əlizadə, aksiyanın keçirilməsinə səbəb kimi, ərazilərin müəyyən qisminin yol çəkilişinə sərf olunmasına baxmayaraq, kompensasiyaların hələ də ödənilməməsini göstərib. Kompensasiya ödənilməməsinə etiraz aksiyası yeni məsələ deyil. Qəsəbədə 60 evə məxsus sahə yol çəkilişilə bağlı itkiyə məruz qalıb, bununla əlaqədar Sabunçu rayon İcra Hakimiyyətində komissiya yaradılıb, amma nəticə yoxdur. Sakinlər kompensasiyaların verilməməsilə bağlı şikayətlərini dəfələrlə Nəqliyyat Nazirliyinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, yol tikintisini həyata keçirən şirkətin rəhbərliyinə çatdırsalar da, müsbət nəticə olmayıb.
Yol tikintisilə bağlı ərazi itkilərinə məruz qalan sakinlərə kompensasiya ödənilməsilə bağlı dövlət başçısı özü çıxış edib. "Bu, say etibarilə 4-cü və ya 5-ci aksiyadır. Bu dəfə qəti tələb edirik, ya kompensasiyaları versinlər, ya da gəlib texnikalarını da yığışdırıb aparsınlar, belə yol çəkilişi nəyə lazımdır?" - İctimai Birliyin sədri etirazını bildirib.
Dünənki aksiyada daha maraqlı bir məsələ aşkar olub. Məlum olub ki, kompensasiya tələb edən adamların adları tikintini aparan "Az.virt" şirkətinin kompensasiya siyahısına daxil edilməyib. "Əvəzində isə qəsəbə icra nümayəndəsinin, qəsəbə bələdiyyəsinin qohum-əqrəbalarının adları bu siyahıya salınıb, şirkət rəhbərliyinə deyəndə ki, bu siyahı niyə belə tərtib edilib, "bizlik deyil" cavabını verirlər" - R.Əlizadə qeyd edib. R.Əlizadəyə görə, vətəndaşlara kompensasiya verilməyəcəkdisə, o zaman rəsmi qurumlar sakinlərə bu ərazilərin onlara məxsus olmaması barədə yazılı izahat verməli idi. R.Əlizadə bu məsələyə görə şirkət rəhbərliyinin, nəqliyyat naziri Ziya Məmmədovun birbaşa məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Aksiya ilə bağlı son duruma toxunan R.Əlizadə deyib ki, şirkət rəhbərliyi, 20-yə yaxın vətəndaşın kompensasiya tələb etməsinə cavab olaraq, aksiya iştirakçılarının üzərinə polis qüvvələri yeritmək istəyib.