İlin 6 ayında hərbi xidmətdən yayınma cinayətləri azalıb
Hərbi Prokurorluqda yarımilliklə bağlı kollegiya iclası keçirilib
Ötən həftə Respublika Hərbi Prokurorluğunun idarə və şöbələrində və ərazi hərbi prokurorluqlarında bu ilin birinci yarısında Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun məlumatına görə, baş prokurorun muavini, hərbi prokuror Xanlar Vəliyevin rəhbərliyilə keçirilmiş müşavirələrdə 2010-cu ilin ötən dövrü ərzində qanunçuluğun daha da möhkəmləndirilməsi, dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli təhlil olunub.
Hərbi prokuror bildirib ki, cari ilin 6 ayında qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən tabelik qaydaları əleyhinə olan, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə və s. kimi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Belə ki, cinayətlərin 99,2 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 86 yoxlama keçirilib, nəticədə 1090 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 94 təqdimat göndərilib, 51 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb.
Bununla belə, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan CM-in soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan olunub. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Diqqətə çatdırılıb ki, bu ilin altı ayında hərbi prokurorunun müvafiq əmrləri ilə 8 işçi intizam məsuluyyətinə cəlb olunub.
Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.
TURAN