Nəticələr barədə partiya sədrinə məlumat veriləndən sonra namizədlər siyahısı müəyyənləşəcək
.jpg)
Parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi gündəmində bu məsələyə diqqət daha da artmaqdadır. İndi partiyaların seçkilərdə necə iştirak edəcəyi siyasi dairələrdə əsas müzakirə predmetlərindən birinə çevrilib. Müxalif düşərgədə baş verənlər isə belə qənaətə gəlməyə əsas verir ki, bu cəbhədə yer alan qüvvələr yenə vahid şəkildə seçkiyə qatıla bilməyəcək.
Ekspertlər bildirir ki, elektoratı son illərdə əhəmiyyətli dərəcədə zəifləyən müxalifət seçkiyə bir neçə blok və ya birlik şəklində qatılacaq ki, bu da onun nümayiş etdirəcəyi nəticələrin elə də yüksək olmayacağından xəbər verir.
Hakim partiyaya gəlincə, burada YAP rəhbərliyində yer alan bir sıra şəxslərin fikirləri indi daha çox diqqət cəlb etməyə başlayıb. Bu kontekstdə isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun hakim partiyanın saytına müsahibəsində səsləndirdiyi bir sıra fikirlər xüsusi maraq doğurur. Məsələn, Siyavuş Novruzov bildirir ki, bəzi deputatlar var ki, 4 il yarım ərzində elə bir fəaliyyət göstərməyib, amma indi mətbuata çıxır: "Bu müddətdə nə seçici ilə görüşüb, nə də qanunvericilik fəaliyətilə ciddi məşğul olub. Amma belə olmamalıdır. Parlamentin 5 illik müddətində deputat üçün fəaliyyət istiqaməti müəyyənləşməlidir. Belə ki, seçicilərin ona münasibəti, partiya münasibəti əksini tapmalıdır. Deputatın partiya həyatında fəaliyyəti, eləcə də, beynəlxalq təşkilatlarda iştirakı, qanunvericilik fəaliyyəti haqqında araşdırmalar aparılır. Araşdırmalar başa çatandan sonra hər bir dairə üzrə nəzərdə tutulan namizədlər haqqında partiyamızın sədrinə məlumat veriləcək. Partiyamızın sədri mövqeyini bildirdikdən sonra partiyanın rəhbər orqanında hansı dairə üzrə kimin namizəd irəli sürülməsilə bağlı qərar veriləcək".
Siyavuş Novruzov bildirir ki, partiya tərəfindən rəsmi şəkildə namizədliyi irəli sürülənlərdən başqa digərləri YAP-ın üzvü kimi namizədliyini irəli sürə bilməz: "Yəni onlar bizim rəsmi qaydada irəli sürdüyümüz namizədə alternativ ola bilməz. Həmin şəxslərlə bağlı konkret qərarımızı verəcəyik. Qərar ondan ibarətdir ki, həmin şəxs partiyamızın üzvü ola bilməz və partiya tərəfindən seçki prosesində hər hansı dəstək qazana bilməz".
Xatırladaq ki, bundan əvvəl analoji mövqe YAP icra katibi Əli Əhmədov tərəfindən də ifadə olunub. Siyavuş Novruzovun YAP-ın opponentlərinin mövcud durumu, müxalifətdaxili proseslər haqqında da fikirləri, o cümlədən AXCP və Müsavat partiyalarının birləşmək ideyası barədə söylədikləri də maraq doğurur: "Bu cür ucuz birlik şouları seçkilərin nəticəsinə heç bir təsir göstərməyəck. Bunun müxtəlif səbəbləri var. Birincisi, Müsavatla AXCP-nin elektoratı eynidir. Burada yeni elektoratın cəlb olunmasından söhbət gedə bilməz. Bilirsiniz ki, son dövrlər müxalifət daxilində çox ciddi parçalanmalar, bu düşərgədən qopmalar yaşandı. Bu proses AXCP-də xüsusilə diqqət çəkdi. Təkcə AXCP-də təmsil olunan şəxslər tərəfindən 4-5 partiya yaranıb. Bəziləri siyasətdən uzaqlaşdı, bəziləri digər partiyalara qoşuldu. Bu gün AXCP sıralarında, bir-iki nəfərdən başqa, üçüncü adamın adını heç kim çəkə bilməz. Birliyə qoşulan digər partiya olan Müsavat isə bu günə qədər bütün seçkilərdə məğlub olub. Bunun nəticəsində də ciddi parçalanmalara məruz qalıb. Orada da hazırda ancaq qəzet səhifələrində görünən bir neçə adamdan və onların qohumlarından başqa heç kəs qalmayıb".
Başqa bir məqam kimi Siyavuş Novruzov partiyaların əsası məsələsinə toxunub: "Heç kəsə sirr deyil ki, partiyaların əsasını ərazi ilk partiya təşkilatları təşkil edir. Ondan sonra rayon və şəhər təşkilatları, nəhayət mərkəzi struktur təşkil edir. Aşağı strukturlarda bir boşluq varsa, onların fəaliyyəti zəifdirsə və ya ümumiyyətlə yoxdursa, onda mərkəzi aparatın fəaliyyəti heç vaxt effektli ola bilməz. Adlarını çəkdiyimiz partiyaların yerli strukturları yoxdur. Mərkəzi strukturda fəaliyyət göstərənlər isə yalnız qəzet səhifələrində görünür. Elektoratdan isə, ümumiyyətlə, söhbət gedə bilməz. Ona görə də, bu birlik sadəcə simvolik xarakter daşıyır və ölkə daxilində deyil, xaricdə olan müəyyən qüvvələrin diqqətinin cəlb olunması kimi, xaricdən verilən sifarişin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər və hər hansı perspektivə xidmət etmir".
Onun sözlərinə görə, bu gün Azərbaycan müxalifətinin iqtidara alternativ layihələr təqdim etmək, alternativ fikirlər ortaya qoymaq, iqtidarın görmədiyi nöqsanları görmək, göstərmək, bunun həlli üçün başqa yollar təqdim etmək potensialı yoxdur: "Bu potensiala sahib olmaq üçün geniş elmi bilik olmalıdır ki, müxalifətdə bu da yoxdur. Bunlar hələ də 90-cı illərin ab-havası ilə yaşayır, o düşüncə tərzinə sahibdirlər, o illərin hadisələrini unudub yeniləşə, müasirləşə bilmirlər. İndiyə qədər müxalifət Azərbaycanın iqtisadi inkişafı, siyasi gücünün, nüfuzunun artması, Qərbə inteqrasiyası, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir layihə belə təqdim etməyib. Əksinə, Azərbaycan prezidenti, Azərbaycan hökuməti, Yeni Azərbaycan Partiyası hansısa mütərəqqi, dövlətimizin inkişafına xidmət edən hansısa layihə irəli sürəndə, təşəbbüslə çıxış edəndə, müxalifət buna qısqanclıqla yanaşır, o proqramlara qara yaxmaqla məşğul olur. Məsələn, vaxtilə ümummilli liderimiz Heydər Əliyev Bakı-Tiflisi-Ceyhan layihəsini irəli sürəndə Müsavat Partiyası deyirdi ki, bu kəmər İrandan keçməlidir. Bəziləri bu layihəni rişxəndlə qarşılayırdı, deyirdilər ki, bu utopiyadır, xəyaldır. Bu gün isə Bakı-Tiflis-Ceyhan kəmərilə ixrac olunan neftin hesabına ölkə büdcəsinə milyardlarla gəlir daxil olur, böyük sosial layihələr, proqramlar reallaşdırılır, ölkəmizdə bütün sosial problemlər öz həllini tapmaqdadır".