Amerikalı analitik Gürcüstan və Azərbaycanın NATO-ya qoşulmaq imkanlarını çox zəif hesab edir
ABŞ-ın Miçiqan Universiteti Eyzenberq Tarixi Tədqiqatlar İnstitutunun direktoru, Çikaqo Universitetinin siyasi elmlər və tarix üzrə fəxri professoru, Rusiya və Cənubi Qafqaz məsələləri üzrə analitik Ronald Qriqor Suni (Ronald Grigor Suny) APA-ya müsahibəsində deyib: "Cənubi Qafqaz hələ də ABŞ-Rusiya münasibətlərinin qaynar mövzusudur. Bu ölkələr regionda hansı yolla əməkdaşlıq edə bilər?
- Rusiya və ABŞ hər ikisi əməkdaşlıq etmək istəyir. Cənubi Qafqaz bu iki dövlətin maraqlarının kəsişdiyi bölgədir. ABŞ Buş administrasiyası dövründə mövcud olan ekspansionist qlobal hegemonluq siyasətini bir qədər arxa plana çəkib, bununla da Rusiya ilə daha yaxşı münasibətlər üçün imkan yaranıb. ABŞ və Rusiya öz xoş məramlarını göstərərək, regional münaqişələrdən birini, məsələn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini birlikdə həll etməklə əməkdaşlığı inkişaf etdirə bilər. Yaradıcı düşünməyin və bütün tərəflərin kompromisə getməsinin vaxtı çatıb.
- Lakin bəzi analitiklər iki il əvvəl Gürcüstan müharibəsi zamanı pozulmuş regional təhlükəsizliklə bağlı hələ də narahatdır. Siz onların narahatlığını bölüşürsünüzmü?
- Müəyyən mənada vəziyyət bir qədər sabitləşib. Rusiya istədiyindən daha çox əldə edib. Gürcüstan isə indiki dövrdə reallığı qəbul etməlidir. ABŞ nə Rusiya, nə də Gürcüstanla əlaqələrini pozmaq istəyir, buna görə də ehtiyatlı davranır.
Mixeil Saakaşvili də bir qədər laqeydlik göstərir, gözləmə mövqeyi tutub, hətta başqa məsələlərlə məşğul kimi görünür. Vəziyyətin yenidən partlama potensialı böyükdür, amma bu, yəqin ki, yaxın gələcəkdə baş verməyəcək.
- Şimali Alyansın regionda rolu nədən ibarətdir? Sizcə, bu ölkələr NATO üzvü ola bilərmi?
- Rusiya-Gürcüstan müharibəsi belə deməyə əsas verir ki, Gürcüstan və Azərbaycanın NATO-ya qoşulmaq imkanları çox azdır. Nə qədər ki, Rusiyanın Qafqazda üstünlüyü var və Cənubi Qafqaz ölkələri Rusiyadan zəifdir, NATO-nun regionda özünü hiss etdirmək imkanı aşağıdır. NATO daha yaradıcı bir təxəyyülə malik olsa idi, ogenişlənmək üçün xüsusi yol tutardı - Rusiyanı üzvlüyə qəbul etmək! Bir vaxtlar Sovet İttifaqı əleyhinə yaradılmış alyans bu yolla kollektiv təhlükəsizlik paktına çevrilər və öz üzvləri arasında mövcud münaqişələri həll edərdi.