.jpg)
Müxalifət partiyaları iyulun 31-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) şəhər rəhbərliyinə birgə müraciətində aksiyanın keçirilməsi üçün bir neçə yer təklif edib. Müraciət müəllifləri "Nərimanov" kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Bakı şəhər İcra Hakimiyyəti, Prezident Administrasiyası, yaxud Nazirlər Kabinetinin 200 metrlik radiusunda mitinq üçün yer ayrılmasını xahiş edib. AXCP ilə birgə aksiyanın keçirilməsinə gəldikdə, A.Hacılı bildirib ki, bu mitinqlə bağlı Müsavat Partiyası DUİ və AXCP ilə müzakirələr aparıb: "Biz DUİ, AXCP və Müsavatın birgə kütləvi aksiyasının keçirilməsini istəyirik. Amma bəzi nüanslar var. Çalışacağıq ki, kütləvi aksiya ilə bağlı müraciət birgə olmasa da, bu aksiyanı AXCP ilə eyni vaxtla, eyni şüarlarla və eyni yerdə keçirək. Çalışacağıq ki, gələcəkdə də birgə aksiyalarımız olsun".
AXCP sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, onlar da eyni vaxtda və eyni yerdə aksiyanın keçirilməsi üçün BŞİH-nə müraciət ediblər: "Birgə aksiyalarla bağlı bizim qərarımız var. Ona görə də kimin müraciət etməyi əhəmiyyətli deyil. Hər iki tərəf müraciət edib. DUİ isə aksiyada Müsavat Partiyası tərəfindən iştirak edəcək. Bizim razılığımız Müsavatla olub, DUİ ilə yox".
Dünən Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ Sədrlər Şurası iyulun 31-də keçiriləcək etiraz aksiyasının təşkilati-texniki tərəflərini müəyyənləşdirib və müvafiq qərarlar qəbul edib. İttifaqa daxil olan partiyalarla Müsavat Partiyası arasındakı son məsləhətləşmənin nəticələrini dəyərləndirən DUİ Sədrlər Şurası prosesin gedişini müsbət qiymətləndirib, birlik istiqamətində fəaliyyətin təqdir olunması haqqında qərar qəbul edib. İclasda, həmçinin, bu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyətilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar çıxarılıb və eyni zamanda görülən işlərin təbliğinin gücləndirilməsi barədə razılıq əldə edilib.