Qətl sifarişi üstündə tutulmuş polis bölmə rəisi və icra məmuru məhkəmə zalından azadlığa buraxıldı
Hakim Kəramət Əliyev daha bir cəsarətli qərar çıxardı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamının qətlini planlaşdırmaqda təqsirləndirilən Ağcabədi Rayon Polis Şöbəsinin bölmə rəisi, rayon İcra Hakimiyyətinin şöbə müdiri və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyilə keçirilən prosesdə təqsirləndirilənlərə hökm oxunub. Ağcabədi rayonu Polis Şöbəsinin istintaq bölməsinin sabiq rəisi İbrahim Ağamirov və Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Bulud Quliyev barəsində şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılıb və onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, Ağcabədi rayon sakinləri - Ələkbər Ələkbərov 5 il, Şahbaz Cəlilov 4 il, Elçin Orucov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Azərbaycan vətəndaşları - Ağamirov İbrahim Miriş oğlu, Quliyev Bulud İnqilab oğlu, Cəlilov Şahbaz İsmayıl oğlu və Ələkbərov Ələkbər Rövşən oğlu qabaqcadan əlbir olan qrup halında 2009-cu ilin aprel-may aylarında, aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Rüstəmov Füzuli Yəhya oğluna külli miqdarda ziyan vurmaq məqsədilə ona məxsus əmlakı - "Yəhya-Petrol" yanacaqdoldurma məntəqəsini yandırmaq və partlatmaq yolu ilə məhv etməyə cəhd göstərib, eləcə də onun qəsdən öldürülməsi üçün hazırlıq işləri görüb.
Xatırladaq ki, sözügedən dəstə üzvləri bu ilin may ayında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilib. Onlar Cinayət Məcəlləsinin 28,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq), 28,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq), 29,186.2.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd) və 29,186.2.2-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddələrilə ittiham olunub.