Balaxanı zibilliyində vəhşiliklə öldürülmüş iş adamı Xanbəyi Zamanovun qatillərinin məhkəməsi başladı
.jpg)
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Ələkbər Quliyevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxslər Nemət Şəmil oğlu Abdullayev və Samirə Əvəz qızı Əzimovanın cinayət işi üzrə məhkəmə baxışı avqustun 2-nə təyin edilib.
İttihama görə, oktyabrın 25-də saat 21.00 radələrində Balaxanı qəsəbəsində yerləşən şəhər zibilliyində "Azsamand" markalı avtomaşının sərnişinlə birlikdə yanması barədə DİN-in "102" xidmətinə məlumat verilib. Həyata keçirilən araşdırmalar nəticəsində maşının içərisində yanan şəxsin 1955-ci il təvəllüdlü Xanbəyi Elbəyi oğlu Zamanov olduğu müəyyən edilib. Tibbi ekspertizanın rəyinə görə, avtomobildə yanan şəxsə əvvəlcə "Naqan" tipli tapança ilə atəş açılaraq bir dəfə başından vurulub. Qətlə yetirildikdən sonra isə avtomaşınla birlikdə yandırılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X.Zamanovu qətlə yetirən 1982-ci il təvəllüdlü Nemət Şəmil oğlu Abdullayev tutularaq məsuliyyətə cəlb olunub. Onun istintaqa verdiyi ilkin ifadəyə görə, bu hadisəni qanunsuz nikahda yaşadığı 1983-cü il təvəllüdlü Samirə Əvəz qızı Əzimova ilə birlikdə törədib.
N.Abdullayev sonradan bildirib ki, onun X.Zamanovla tanışlığı Ş.Hüseynovun ofisindən başlayıb. Hadisə günü isə Balaxanı qəsəbəsində yaratdığı donuzçuluq təsərrüfatı ilə X.Zamanovu tanış etməli olub. N.Abdullayev silahı Balaxanıdakı zibillikdən əldə etdiyini bildirib. Daha sonra isə hadisədə istifadə etdiyi "Naqan" tipli tapançanı, ona aid 11 ədəd patronu, 3 ədəd giliz və əlavə olaraq yararsız halda olan "Makarov" tipli tapançanı yaşadığı evin yaxınlığında torpağa basdırması barədə məlumat verib və silah-sursat təqsirləndirilən şəxsin iştirakı ilə oradan götürülüb.