Üç dost getdi, biri qayıtmadı, təəccüblü deyilmi...
.jpg)
Dünən axşam Azərbaycan vətəndaşı Gürcüstanın Dmanisi rayonundakı Pantiani gölündə batıb. Dmanisi rayon administrasiyasından Trend-ə verilən məlumata görə, sambo üzrə yeniyetmələr arasında dünya çempionu Mikayıl Orucov gölü üzüb keçməyi qərara alıb və batıb.
O, Dmanisidə Gürcüstan-Azərbaycan gənclərinin illik görüşündə iştirak edib. Bayram təntənələrindən sonra Orucov və onun iki dostu gölə gedib. Orucov gölü üzüb keçmək qərarına gəlib. Lakin az sonra o, göldə itir və dostları onu tapa bilmir.
Hadisə yerinə çağırılan xilasedicilər iki saatlıq axtarışdan sonra Mikayılın meyitini tapa bilib. İdmançının cəsədi Bakıya gətirilib.
Ermənistanın Sambo Federasiyası 16 yaşlı Azərbaycan idmançısı, gənclər arasında sambo üzrə Avropa üçüncüsü Mikayıl Orucovun ölümü ilə əlaqədar başsağlığı verib. Bu barədə Ermənistanın "Armeniya Today" internet saytı məlumat yayıb. Sayt iddia edib ki, federasiya rəhbəri Levon Ayrapetyan idmançının ölümü ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Məmmədova başsağlığı teleqramı ünvanlayıb.
Ermənistan mətbuatının məlumatına görə, teleqramda deyilir: "Ermənistan Sambo Federasiyası Mikayılın qohumlarına, dostlarına, həmçinin Azərbaycan Sambo Federasiyasının məşqçilərinə və idmançılarına, bütün idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir".
Teleqramla əlaqədar olaraq Azərbaycan Sambo Federasiya ilə əlaqə saxlanıb. Yığma komandanın baş məşqçisi Mübariz İbrahimov ANS PRESS-ə bildirib ki, Ermənistan Sambo Federasiyasından quruma heç bir zəng və teleqram daxil olmayıb.
O həmçinin əlavə edib ki, Mikayıl Orucov Gürcüstana Azərbaycan Sambo Federasiyasının xəttilə yollanmayıb. B.İbrahimovun sözlərinə görə, 16 yaşlı idmançının cənazəsi Azərbaycana gətirilib.
Xatırladaq ki, 16 yaşlı Azərbaycan idmançısı Mikal Orucov Azərbaycan və Gürcüstan xalqlarının ənənəvi dostluq günlərində iştirak etmək üçün Gürcüstana yollanıb. Tədbir Gürcüstanın Dmanisi rayonunda təşkil olunub. Azərbaycan nümayəndə heyətindən verilən məlumata görə, Orucov bayramın rəsmi hissəsi başa çatdıqdan sonra dostları ilə göldə çimməyə gedib. O, istirahət zamanı gölün bu tayından digər sahilinə üzmək qərarına gəlib ki, bu da faciə ilə nəticələnib.